Uzun illər ərzində Ermənistan məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib.
Növbəti təxribatların qarşısının alınması üçün Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. “Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanı sülhə çağırmalıdırlar.
Rəsmi İrəvanın təxribatlarına yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalara sadiqliyini təsbit edir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən, rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalını dəstəkləməsi faktı heç şübhəsiz ki, ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artıracaqdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.
Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Lakin Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
Çünki Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.
Nəzərə almaq lazımdır ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
Fuad Zamanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı.