Logo

Gənclər Təşkilatlarının Fəaliyyətlərinin dəstəklənməsi proqramı yenidən start götürüb - FOTO

05.12.2022 13:47 149 baxış
IMG

NAYORA üzv gənclər təşkilatları ilə birlikdə artıq ikincisinə start verdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində bir sıra layihələrin icrasına başlayıb.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində 2022-2023-cü illər ərzində Bakı və regionlardan olmaqla 6 istiqamət üzrə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyi göstəriləcək.

Beləki indiyə qədər Bakı, Gəncə, Masallı, Ucar, Astara şəhər və rayonlarında 5 təşkilat  tərəfindən icra olunan layihələrə 420-dən çox gənc cəlb olunmuşdur.

Proqram çərçivəsində fəaliyyətə ilk başlayan təşkilat Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi idi. Gənclər Təşkilatlarının Resurs Mərkəzində 2 gün boyunca keçirilən "Gənclər arasında vətənpərvərlik hissinin təşviqi və düzgün təbliği" layihəsinin əsas məqsədi gənclərə vətənpərvərlik hissinin aşılanması olmuşdur.

Layihəsinin icrasını yekunlaşdırmış daha bir təşkilat “Gənc Mühasiblər Birliyi” İctimai Birliyidir. “Gənclərin maliyyə savadlılığına dəstək” adlı layihə zamanı Bakı və Gəncə şəhərlərindən olan gənclərə ağıllı büdcə, layihələrin idarəolunması zamanı büdcə planlaması, gəlir və xərclərin planlaşdırılması, idarə olunması kimi mövzularda təlimlər keçirilib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təlimlər və simulyasiyaların dəstəyi ilə koordinator olaraq seçilmiş gənc müəllimlərin şəxsi bacarıqlarının inkişafına dəstək olmaq məqsədi ilə keçirilən "Koordinator Məktəbi: 21-ci əsr bacarıqlarının formalaşdırılması" layihəsi də fəaliyyətini yekunlaşdırmış layihələr sırasındadır. Layihə zamanı iştirakçılara "Komanda quruculuğu", "Sosial mediada müəllim imici", "Təşkilati mədəniyyət" kimi mövzularda 2 gün müddətində təlimlər keçirilib.

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən “Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan tələbə - gənclərin Vətənpərvərlik tərbiyəsi, Milli dəyərlər, Dövlətçilik hissləri baxımından bilik, bacarıq və təcrübələrini artırmaqdan ibarətdir. Layihənin vəzifələrinə çatmaq üçün Bakı şəhərinin 8 ali və orta ixtisas məktəblərində təhsil tələbələrə təlimlər keçilir. İndiyə qədər Azərbaycan - Fransız Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri üçün təlimlər təşkil edilib.

"Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən Gənclər Arasında “ZƏFƏR KUBOKU” çempionatı layihəsi də hələ davam edən layihələr arasındadır. Layihə çərçivəsində 4 gün müddətində futbol çempionatı, şahmat yarışı, intellektual oyun və atıcılıq üzrə gənclərin iştirakı ilə layihə keçirilir.

Qeyd edək ki, növbəti ildə 7 gənclər təşkilatı ilə birlikdə Bakı və regionlarda olmaqla müxtəlif istiqamətli layihələr həyata keçiriləcək.

Proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəsətyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti