Dekabrın 3-də Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin 100 illik yubileyi qeyd olunub.
Tehsil.biz xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Rauf Əliyev, Müşfiq Məmmədli, Sabir Hacıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, məktəbin məzunları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Sonra qonaqlar məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, idman zalında yaradılan şəraitlə tanış olub, azyaşlı idmançılarla görüşüb onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Məktəbin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunub.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Rauf Əliyev, Müşfiq Məmmədli, Sabir Hacıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı, professor Mayıl Əsgərov, məktəbin direktoru Nüsrət Quliyev və digərləri məktəbin yaranma tarixindən və bu günə qədər keçdiyi inkişaf yolundan bəhs ediblər.
Məktəbin 100 illik yubileyinə həsr olunmuş videoçarx və xarici ölkələrdə yaşayan məzunların təbrikləri tədbir iştirakçılarına nümayiş etdirilib.
Təhsil sahəsində fərqlənən 5 nəfər müəllim Qazax-Tovuz Regional Təhsil İdarəsinin Fəxri Fərmanları ilə təltif edildi.
Tədbir bədii hissə ilə davam edib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.