Logo

BDU-da seminar: “Bitki mənşəli nanohissəciklər və onların biotibbdə tətbiqi”

05.12.2022 22:48 245 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitki mənşəli nanohissəciklər və onların biotibbdə tətbiqi” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Biofizika və biokimya kafedrasının dissertantı, Türkiyənin Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik mövzu ilə bağlı məruzə edib. Məruzədə müxtəlif bitkilər vasitəsilə metal nanohissəciklərin sintezi, müasir metodlarla öyrənilməsi haqqında məlumat verilib. Məruzəçi bitki mənşəli nanohissəciklərin sintezinin mərhələlərini ardıcıl şəkildə göstərib. Qeyd edib ki, ilk növbədə nanohissəciklərin sintezi üçün istifadə olunan bitki nümunələri müxtəlif üsullarla təmizlənir, onlardan ekstraktlar alınır və müxtəlif metalların duzları məhlul şəklində uyğun qatılıqlarda əlavə edilir. Temperatur, Ph və zamandan asılı olaraq bitki ekstraktları metal duzlarını nanohissəciklərə çevirir.

Fiziki-kimyəvi faktorların təsiri ilə alınan nanohissəciklər sentrifuqa üsulu ilə təmizlənir, alınmış nanohissəciklər UV spektroskopiya, SEM, AFM, infraqırmızı spektroskopiya və s. metodlarla müəyyən edilir. Həmin metal nanohissəcikləri (qızıl, gümüş və s.) biotibbi tədqiqatlarda istifadə edilir.

Adıcan Mehmet Tevfik məruzədə bu nanohissəciklərin kanserogen hüceyrələrə təsirinin nəticələri barədə də geniş məlumat verib. Diqqətə çatdırıb ki, alınmış nəticələr “Web of Science” bazasına daxil olan 3 jurnalda çap olunub.

Xəbər lenti