Logo

"Zəfər paradı Azərbaycan xalqının yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi"

06.12.2022 19:32 404 baxış
IMG

Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsi ilə öz torpaqlarını azad edərək möhtəşəm Zəfərə imza atdığı 44 gün ərzində informasiya cəbhəsindəki qələbələrimiz də təmin edilirdi.

Hərb meydanında əməliyyatlara rəhbərlik edən Prezident cənab İlham Əliyev informasiya müharibəmizə də strateqlik edirdi. Belə ki, müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verən ölkə başçısı cənab İlham Əliyev münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı.

Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Dövlət başçısı İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində 44 günlük İkinci Qarabağ müharibəsinin, ən əsası 30 illik işğal dövrünün bütün reallıqları öz əksini tapıb. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bəzi dünya gücləri işğalçı Ermənistana dəstək olmaqla vəziyyəti sonadək bu şəkildə davam etdirə biləcəklərinə özlərini inandırmağa çalışdılar.

Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.  Biz bu tarixi qələbəyə  əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Vətən müharibəsində rəşadətli ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin məhv etdiyi və qənimət kimi götürdüyü hərbi texnika Zəfərimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında nümayiş olundu.

Qürurverici olan bu mühüm məqamı da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündən Azərbaycana mənəvi və siyasi dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Bu gün müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi Qənimətlər Parkı hər gün ziyarətçilərini 44 günün reallıqları ilə məlumatlandırır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. Hər bir Azərbaycan vətəndaşı həmişəlik yadda saxlamalıdır ki, 8 Noyabr 2020-ci il tarixdə qazandığımız tarixi qələbə Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Rəşadətli Azərbaycan Ordusudur.

Bu gün tarixi Zəfərimizin qürurunu yaşayırıq. Birliyimiz, həmrəyliyimiz sayəsində qovuşduğumuz torpaqlarda bərpa-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə həyata keçiririk. Azərbaycan 44 gündə təkmil müharibə taktikasını təqdim etdiyi kimi, postmünaqişə dövründə də hər kəsi heyrətləndirən dirçəliş modelini təqdim edir. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərdə yeni həyat qurur.Azərbaycan xalqı neçə qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. 

10 dekabr Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığına da  işıq saldı.  Belə ki, müharibə başlandığı ilk gündən Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da  dövlət başçısı İlham Əliyevin yanında oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında dövlət başçısı İlham Əliyevin “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür”  fikirlərinin davamı olaraq Türkiyə Prezidenti  Azərbaycanın  Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyinə əminliyini ifadə etməklə yanaşı, onu da  qeyd etmişdir ki,  Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki,  Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Bu gün hansı sahəyə diqqət yetirsək Zəfərimizin reallıqlarını görürük. Azərbaycanın Möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan ölkəmiz özü də yeni bir mərhələyə qədəm qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir ki, 30 il öz doğma yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımız el-obalarına tez bir zamanda qayıda bilsinlər. Bir sözlə, dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış strategiyasını həyata keçirmək üçün çalışır. Böyük Qayıdış strategiyasının həyata keçirilməsi isə qalib Azərbaycan dövlətinin yeni inkişaf dövrünün əsas istiqamətlərindəndir.

Ürfət Həsənov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı

Xəbər lenti