Azərbaycanda orta məktəb şagirdlərinin hicab geyinmələri ilə bağlı daha bir qalmaqal yaşanıb.
Tehsil.biz-in məlumatına görə, Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla gələn şagirdləri dərsə buraxmayıb.
Qeyd olunur ki, məktəb direktoru bir neçə şagirdin hicabını zorla başından açaraq, yerə atıb.
O, bununla kifayətlənməyərək, hicablı şagirdlərə qarşı yol verilən bu hərəkətə etirazlarını bildirən valideynlərə təzyiq göstərərək, onları təhqir edib.
Direktor bir qədər də irəli gedərək, valideynlərə “Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır”, – deyib.
Valideynlərin sözlərinə görə, yaranmış gərginlik şagirdlərdə ciddi təşviş yaradıb. Onlar valideynlərinə zəng edərək, qorxduqlarını, gəlib onları məktəbdən evə aparmalarını istəyiblər.
Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxlanılan sözügedən məktəbin direktoru Taliyə Mirzəyeva Yenicag.az-a açıqlamasında rəhbəri olduğu təhsil ocağında hicab qalmaqalı haqda yayılan xəbəri təkzib edib.
Məktəb direktorunun sözlərinə görə, məktəbdə hicablı şagirdə qarşı hər hansı təzyiq olmayıb və bu barədə irəli sürülən iddia əsassızdır:
“Məktəbimizdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur.
Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi.
Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq.
Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu çıxdı. Heç bir şiddət ola bilməz”.