Logo

Yevlaxda “Narkomaniya yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib - FOTO

07.12.2022 17:53 86 baxış
IMG

Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax Rayon Polis Şöbəsi və Yevlax rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Şəhər 4 saylı tam orta məktəbin şagirdləri ilə “Narkomaniya yox deyək” adlı növbəti maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd edib ki, böyüməkdə olan gənc nəsil arasında narkomaniya ilə mübarizə işi daha da güclənir. Respublikamızda bu problemin həlli ümumdövlət vəzifəsi hesab edilir. Bu sahədə müxtəlif istiqamətli işlər aparılır, aidiyyati dövlət orqanları arasında qarşılıqlı əlaqələr təşkil edilir və bu işə nəzarət mexanizmi yüksək səviyyədə həyata keçirilir. O həmçinin narkomaniyanın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, şagirdlərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.

Yevlax RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev çıxış edərək Respublikamızda eləcə də rayonumuzda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açıb, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. Narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı, iştirakçılara öz məsləhət və tövsiyələrini verib. Yevlax rayon Polis Şöbəsinin rəhbərliyi və məsul şəxsləri mütəmadi olaraq təhsil ocaqlarında olur, müəllim və şagirdlərlə görüşlər keçirir, bu sahə ilə bağlı söhbətlər aparırlar.

Yevlax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Emil Qurbanov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən yaranan asılılığın dəhşətlərindən, istər insan şəxsiyyətinə, istərsə də onların öz ailələrinə, cəmiyyətə vurduğu zərbələrdən danışıb, gəncləri sağlam böyümələri üçün narkotik bəlasından uzaq durmağa səsləyib. Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara narkomaniyanın törətdiyi fəsadlarını əks etdirən video rolik nümayiş etdirilib.

Xəbər lenti