Logo

Rusiya Xalqlar Dostluğu Universitetində Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edilib - FOTO

08.12.2022 11:19 100 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Filologiya fakültəsinin Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyasında baş tutan yubiley tədbiri “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının dəstəyi ilə gerçəkləşdirilib.  

Tədbirdə yubilyarın nəvələri Fuad Pepinov və Aytən Pepinova, filologiya fakültəsinin dekan müavini Nikolay Bandurin, rus və xarici ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Kovalenko, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Əhməd bəy Ağaoğlu Fondunun direktoru Nigar Axundova, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aygün İmanova, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) məsul katibi Ceyhun Hüseynov, Azərbaycan və Ahıska türklərinin diaspor təşkilatları, jurnalistlər və universitetin tələbələri iştirak ediblər. 

Tədbir iştirakçılarını salamlayan RXDU Filologiya fakültəsinin dosenti Anar Həsənov bildirib ki, Omər Fair Nemanzadəni haqlı olaraq XX əsrin birinci rübündə  Azərbaycan cəmiyyətinin vicdanının təcəssümü olan maraqlarının fərdləşdirilmiş ifadəçisi hesab etmək olar. “Ömər Faiq Nemanzadə öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirib. Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib, bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib, Vətənə sədaqətin nümunəsi olub”, - deyə A.Həsənov vurğulayıb. 

Məruzəçi qismində çıxış edən tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi görkəmli ədibin ictimai-siyasi baxışlarına, geniş maarifləndirici və publisistik fəaliyyətinə diqqəti cəlb edib, onun çoxşaxəli yaradıcılığından parlaq nümunələr gətirib. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibinin doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə əzmlə mübarizə apardığını xatırladıb. 

Tədbirdə çıxış edən professor Aleksandr Kovalenko, professor Kamran Rüstəmov və “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının sədri Elşən İbrahimov Azərbaycan ədibini kifayət qədər təhlükəli bir dövrdə satira janrına üz tutan cəsur şəxsiyyət kimi səciyyələndiriblər. Azərbaycançılıq məfkurəsinin Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil etdiyini, bu cür maarifləndirici tədbirlərin həm Azərbaycan diasporunun nümayəndələri, həm də gənc filoloqlar, alimlər və tələbələr üçün əhəmiyyətini nəzərə çatdırıblar.

Babasının xatirəsinə nümayiş etdirilən yüksək ehtirama görə Fuad Pepinov ailələri adından təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib. “Əsas məqsədi Azərbaycan jurnalistikasının banilərindən birinin, xalq ziyalısının nümayəndəsinin xatirəsini yaşatmaq olan gecənin keçirilməsi müasir dövrümüzdə çox aktualdır. Bu, milli jurnalistika tarixi, gənc nəslin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə o, qeyd edib.

“Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatı adından Bakıdan bu tədbirdə iştirak etmək üçün gəlmiş S.Rüstəmova-Tohidiyə təşəkkür plaketi təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Xəbər lenti