Logo

BDU-da Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub

08.12.2022 11:47 138 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib. ​

Tehsil.biz xəbər verir ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda insan hüquqlarının qorunması siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkədə insan hüquqları sahəsində ilk Dövlət Proqramı da məhz Ulu öndər tərəfindən təsdiqlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasəti artıq milli strategiya kimi formalaşıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva insan, xüsusilə də uşaq hüquqlarına xüsusi diqqət və qayğı göstərir.​

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova tədbir iştirakçılarına ədliyyə sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi,​ müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları ilə əməkdaşlıqdan ətraflı bəhs edib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov çıxışlarında bu sahədə qəbul edilən normativ hüquqi aktlar barədə məlumat verib, əhali arasında maarifləndirmə tədbirlərinin önəmini vurğulayıblar.

Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Günay Hacıyeva tədbir iştirakçılarını insan hüquqlarına dair tədris prosesi ilə tanış edib. II kurs tələbəsi Cəfər Məmmədov Hüquq fakültəsi və Ədliyyə Nazirliyinin birgə həyata keçirdikləri “Ədliyyə ayı” çərçivəsində nazirliyin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanışlığa şərait yaratdığına görə ədliyyə naziri Fikrət Məmmədova tələbələr adından təşəkkürünü bildirib. ​ ​ ​

Tədbirin sonunda fakültə tələbələrinin Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hazırladıqları videoçarx nümayiş etdirilib.

Xəbər lenti