Sentyabrın 15-dən indiyədək Sabirabad rayon tam orta məktəblərində “Valideyndə səriştə, təhsildə inkişaf" layihəsi üzrə təlimlər davam edir.
Tehsil.biz xəbər verir ki, layihəyə uyğun olaraq məktəblərdə valideynlərlə təlim xarakterli görüşlər təşkil olunur və mövzular ətrafında müzakirələr, həmçinin şagirdlər arasında sorğular aparılır.
Növbəti təlim Qaratəpə kənd məktəbində gerçəkləşib.
Təlimlər zamanı sinif rəhbəri və valideyn əməkdaşlığının düzgün qurulması, səriştəli valideyn modelinin formalaşdırılması mövzuları müzakirə olunur, həmçinin şagirdləri zərərli vərdişlərdən çəkindirmək, məktəbli yaş dövrünün davranış xüsusiyyətləri haqda maarifləndirmək məqsədilə görüşlər keçirilir. Bundan başqa, yaş psixologiyası, ailə, məktəb və cəmiyyət üçbucağının düzgün formalaşdırılması, hiperaktiv uşaqlarla davranış qaydaları, inklüziv təhsilə və xüsusi təhsilə yönəlmiş sağlamlıq imkanları məhdud olan məktəblilərlə davranış kimi təlimlər layihənin əsas mövzuları sırasında yer alır.
Layihə 14 məktəbi əhatə edir və təlimlərdə indiyədək 421 şagird və 432 valideyn iştirak edib. Onlardan 12 valideyn və 14 şagirdə sertifikat təqdim olunub.
Qeyd edək ki, müddəti üç ay olan təlimlər dekabrın 15-də yekunlaşacaq.