Logo

AzTU magistratura və doktorantura səviyyələrində ilkə imza atıb - FOTOLAR

08.12.2022 17:26 310 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) və Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) arasında magistratura və doktorantura səviyyələrində ikili diplom proqramı haqqında müqavilənin imzalanması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, BTU Cottbus-Senftenberg-in prezidenti, professor Gezine Grande, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və hər iki universitetin nümayəndələri iştirak edib. Rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uzunillik əməkdaşlığından danışıb. Bildirib ki, bu əlaqələrin inkişafına töhfə vermək məqsədilə bu yaxınlarda AzTU-da Alman mühəndislik fakültəsi açıldı. Bu gün imzalanan ikili diplom müqavilələri isə Azərbaycanda bir ilkdir. Rektor bu müqavilələrin hər iki ölkənin təhsil sahəsinin inkişafına təkan verəcəyinə ümid etdiyini deyib.  

BTU Cottbus-Senftenberg-in prezidenti, professor Gezine Grande də öz növbəsində imzalanan sənədlərin universitetlər üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ikili diplom proqramına qəbul olunan tələbələr hər iki universitetin diplomuna sahib olmaq imkanı əldə edəcəklər.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli universitetlərin beynəlmiləşməsi istiqamətində reallaşan daha bir əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. O, bu müqavilələrin hər iki ölkənin təhsili üçün əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər iki universitetin təcrübəsindən yararlanaraq birgə tədqiqatların aparılması mütəxəssis hazırlığının inkişafına müsbət təsir göstərəcək.  

Daha sonra AzTU və BTU Cottbus-Senftenberg arasında magistratura və doktorantura səviyyələrində ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, Azərbaycanla Almaniya universitetləri arasında magistratura və doktorantura səviyyələrində ikili diplom proqramı haqqında müqavilələr ilk dəfədir imzalanır.

İmzalanma mərasimindən sonra rektorlar rəhbərlik etdikləri universitetlər haqqında geniş təqdimatla çıxış ediblər.

Xəbər lenti