Logo

BDU Qazaxıstanın Avrasiya Milli Universiteti ilə əməkdaşlıq edəcək

09.12.2022 09:46 347 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti ilə əməkdaşlıq edəcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, BDU ilə Qazaxıstanın Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində biotexnologiya ixtisaslaşmasında kadr hazırlığı məqsədilə ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. İkili diplom proqramı BDU-nun Biologiya fakültəsi ilə Avrasiya Milli Universitetinin Təbiət elmləri fakültəsinin adıçəkilən ixtisaslaşma üzrə magistratura proqramları əsasında canlı orqanizmlərin və bioloji sistemlərin, bitki və heyvan hüceyrələrinin, subhüceyrə komponentlərinin və bioloji makromolekulların köməyi ilə ərzaq, sənaye və tibb məhsullarının istehsalı sahəsində hərtərəfli biliyə malik mütəxəssislərin hazırlanmasına yardım edəcək.

Proqram çərçivəsində, eyni zamanda, biologiya, biotexnologiya elmlərinin fundamental və tətbiqi metodlarından istifadə etməklə praktik problemləri təsnif və həll edə bilən mütəxəssislər yetişdiriləcək.

Qeyd edək ki, Avrasiya Milli Universitetində biologiya və biotexnologiya sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Bu universitet QS WUR-2023 dünya universitetləri reytinqində 277-ci, QS ECCA-2022 reytinqində isə 42-ci pillədə yer alır.

Xəbər lenti