Logo

Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

09.12.2022 10:13 396 baxış
IMG

Dekabrın 8-də Elm və Təhsil Nazirliyi “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təçkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Mərkəzin direktor müavini, b.f.d. Lalə Dadaşova, Elm, innovasiya və texnologiyalar şöbəsinin şöbə müdiri Leyla Qasımova və baş mütəxəssisi Fərid Seyfullayev, Turizm və ekskursiya şöbəsinin metodisti Günel Quliyeva, Təşkilati-kütləvi tədbirlər şöbəsinin metodisti Mətanət Məmmədova Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki və Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıblar. Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edən Mərkəzin əməkdaşları bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Öz çıxışlarında Mərkəzin əməkdaşları Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

Sonda Elm və Təhsil Nazirliyi “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin dərnək üzvləri ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Xəbər lenti