Logo

"Tarix yazan müəllimlər” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimatı - FOTO+VİDEO

09.12.2022 12:43 532 baxış
IMG

Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə “Tarix yazan müəllimlər” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, AGMA-nın sədri Rüfət Əsədzadə, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb rəhbərləri və qazi müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Öncə Vətən Müharibəsində iştirak edən gənc müəllimlərin pedaqoji fəaliyyətləri və keçdikləri döyüş yolu barədə videoçarxlar nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan AGMA-nın sədri Rüfət Əsədzadə layihənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, layihənin keçirilməsinin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərimizin qazanılmasında iştirak edən gənc müəllimləri sosial çarxlar vasitəsilə geniş ictimaiyyətə daha yaxından tanıtmaqdan ibarətdir.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Vətən Müharibəsində müəllimlərin, təhsil işçilərinin Azərbaycanın müasir tarixində müstəsna rolu olduğunu diqqətə çatdırıb. Hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda savaşan qəhrəman müəllimlərimizi tanımalı olduğunu deyən İdarə müdiri bu istiqamətdə görülən işlər arasında “Tarix yazan müəllimlər” layihəsinin təqdirəlayiq olduğunu söyləyib.

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev Vətən Müharibəsinin Azərbaycan məktəblilərinə dövrümüzün real qəhrəmanlarını tanımaq şansı verdiyini, canını Vətən üçün sipər edənlər arasında çoxsaylı müəllimlərin də yer aldığını bildirib. Onların geniş ictimaiyyətə tanıdılmasının vacibliyini diqqətə çatdıraraq qazi müəllimlərin təbliğ olunmasında “Tarix yazan müəllimlər” kimi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin  informatika müəllimi Elvin Səlimov çıxış edərək Qarabağ zəfərini yazanların sırasında olmaqdan sonsuz qürur duyduğunu ifadə edib.

BŞTİ tərəfindən ərsəyə gələn “Qazi müəllimlər” kitabının məsləhətçisi, İdarənin Təlimə Dəstək Mərkəzinin metodisti Rövşən Qasımov Vətən üçün xidmət edən, ərazi bütövlüyümüzün bərpasında rolu olan müəllimlərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonda layihədə iştirak edən müəllimlərə Təşəkkürnamələr təqdim olunub.

Xəbər lenti