Logo

BDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

09.12.2022 17:43 427 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyət və görkəmli dövlət xadimi Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyinin bərpa olduğu dövrdə rəhbərlik edib. Bu mərhələlərin hər biri ölkəmizin və xalqımızın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olub. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradıb. 1993-2003-cü illəri əhatə edən hakimiyyət dövrü də Ulu öndərin dünyanın ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi və iqtisadi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirib. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub. Balanslaşdırılmış və milli maraqlara əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsi Ümummilli liderin başlıca strateji hədəfləri idi.
Rektor qeyd edib ki, 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır: “Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edir. Məhz Ulu öndərin müəyyən etdiyi xətti, dahi şəxsiyyətin uzaqgörənliyini Ali Baş Komandan İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşımızda Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Azərbaycan Ordusu ən yeni tarixi yazdı. Ali Baş Komandanımızın ətrafında xalqımız yumruq kimi birləşdi, ərazi bütövlüyümüzün bərpası reallaşdırıldı, haqq qələbə çaldı. Bu parlaq qələbəmiz məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı”.

Sonra Milli Məclisin üzvləri - akademik Nizami Cəfərov, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Əməkdar jurnalist, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Azərbaycan Kinomotoqrafçılar İttifaqının üzvü, Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov çıxışlarında dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs edib, xatirələrini bölüşüblər. Çıxışlarda natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

Xəbər lenti