Logo

"Doğru bildiyi yola sadiq qalan əsl müəllim" - BDU tələbəsi yazır...

10.12.2022 19:13 578 baxış
IMG

BDU-nun Jurnalistika fakültəsinin professoru,
filologiya üzrə fəlsəfə doktoru, çox dəyərli Akif müəllimin 83 illiyinə

Bir müəllim ömrü düşünün.

Ömrünün 53 ilini qocaman təhsil ocağının inkişafında, tərəqqisində və təlim-tədris prossesində müstəsna xidmətə həsr etmiş bir müəllim ömrü... Tələbəni öz həmkarı kimi görmüş müəllim ömrü... Həyat səhifələrinin qızıl güşələrini tələbələrinə həsr etmiş bir müəllim ömrü... Bax budur şərəfli peşənin, ən şərəfli bayraqdarı.

Yazıma filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin fikirləri ilə başlamaq istərdim: “Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir. Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür”.

İlk gördüyüm andan fərqli bir düşüncə yarandı məndə. Bu həlim qəlbli, sakit təbiətli və nur üzlü şəxsin standart müəllim görkəmindən fərqli olduğunu gördüm. Yaxınlaşıb salamlaşdıqda onun necə də mənə yaxın olduğunu, mənə bir tələbə kimi yox, bir övlad, bir nəvə qayğısı ilə yanaşdığını gördüm. Bax bizim Akif müəllimdir bu...

Ömrünün yarım əsrdən artıq hissəsini tələbələrə həsr etmiş Akif müəllim ənginliklərin havası qədər təmiz, şirinsulu bulaqlar qədər saf, isti yay günəşi qədər hərarətlidir. Məhz bunun üçün biz tələbələri özünəməxsusluğu ilə fərqlənən bu fakültəyə daxil olan zaman ilk cəlb edənin Akif müəllimin olması heç də təsadüfi deyil. "Mənim üçün ən böyük mükafat tələbələrin mənə olan hörmətidir. Tələbənin hörmətini və sevincini qazanmaqdan qiymətli nə ola bilər ki?..” – deyən müəllimimiz yeni qəbul olmuş tələbələri belə məzunlarından ayırmırdı. Ən azından bu mənim şəxsi fikrimdir.

Bu bir neçə ayda Akif müəllimin sezdiyim gözəl xüsusiyyətləri var ki, düşünürəm bunlar mənim üçün bir həyat təcrübəsi elementləri sayılacaq qədər vacibdir: Akif müəllim çox konkret insandır, sözü birbaşa adamın üzünə deyər. Əgər nə isə xoşuna gəlməyibsə, qarşıdakı şəxsin kimliyindən asılı olmayaraq bunu gizlətməyəcəkdir. Hər zaman işinə məsuliyyət və dəqiqliklə yanaşır, məhz buna görə də o, kollektivdə hörmət və nüfuz sahibi kimi tanınır.

Çoxları mənə seçdiyim peşənin mürəkkəbliyindən söhbət açsa da həmin zaman vətənə bağlılıq hissi Akif müəllimin fikirləri ilə vəhdət təşkil edir: “Jurnalist unutmamalıdır ki, cəmiyyətə xidmət edir. Bu xidmət obyektiv, vicdanlı və qərəzsiz olmalıdır.”. Bunun üçün də düzgün yolda olduğumu onun dərslərində bir daha anlayır və daim vicdan ilə vətənimə edəcəyim xidməti gözümün önündə canlandırıram.

İndi isə bizim Akif müəllimin ömür hekayəsinə də bir nəzər salmaq istəyirəm...

Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.

Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur.

Akif Rüstəmov 1964–1969 illərdə Bakı Dövlət Universiteti jurnalistika fakültəsində ali təhsil almışdır.

Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda yeni media və kommunikasiya nəzəriyəsi kafedrasının professorudur.

Ləyaqətli ömür yolu ilə nümunəvilik rəmzinə çevrilmiş Akif Rüstəmov qayğıkeş, eyni zamanda sadə əqidəsi və məsləki olan, təbiətcə sakit və iddiasız ziyalı və nurlu bir sima kimi hamının hörmətini qazanmışdır.

Düzdür üç ay bir insanı tanımaq üçün kifayət deyil. Amma mən Akif müəllim haqqında eşitdiklərim ilə müəllimlik adının şərəfli daşıyıcısı olduğuna bir daha əmin oldum. Akif Rüstəmov haqqında fakültəmizin müəllimi Mahmud Mahmudovun xatiratına gəlin birlikdə nəzər salaq:

“Akif müəllimin müsbət keyfiyyətlərindən biri onun haqsızlığa yol verməməsidir. Bunu təkcə bir faktın timsalında görmək olar. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində, ölkənin qarmaqarışıq dövründə universitetin keçmiş rəhbərliyinin iki ağsaqqal müəllimlərimizə - Nəsir İmanquliyevə və Seyfulla Əliyevə haradansa sərt münasibəti ortaya çıxmışdır.

Rəsmi yığıncaqlarda Akif müəllimə dəfələrlə deyilmişdir:

- Onların hər ikisinin işdən azad olunması barədə təqdimat yaz!

Akif müəllim isə qəti etirazını bildirmişdi:

- Nəsir İmanquliyev də, Seyfulla Əliyev də mənim müəllimlərim olub. Buna görə də tapşırığınız mənim üçün imkan xaricindədir. Yalnız özümün işdən azad olunmağım barədə ərizə yaza bilərəm.

Qətiyyətini, inadını görüb keçmiş rəhbərlik daha təkid etməmiş, məsələdən hali olan həmin müəllimlər isə Akif müəllimə öz minnətdarlığını bildirmişdilər”.

Elə bu fakt Akif Rüstəmovun bir müəllim kimi “müəllim” adına hörmət və diqqətinin, qayğı və sevgisinin bariz münunəsidir.

Bizə “Jurnalistikaya giriş” fənnini tədris edən Akif müəllim IV hakimiyyət olan jurnalistikanın və Azərbaycan mətbuatının əsrlərin buxovlarından keçmə mərhələsini xüsusu maraq və sevgi ilə izah etməsi bizə bir mühazirədən daha çoxunu ifadə edir. Özü demiş: “Mən mühazirədə interaktivliyin tərəfdarıyam. İstəyirəm ki, tələbə ilə müzakirə şəraitində dərsi birlikdə öyrənək”. Bax bu da yeni media və kommunikasiyanın praktik nümunəsidir.

Təhsil aldığım müddətdə və bitirdikdən sonra da sizin kimi bir müəllimi heç vaxt unutmayacağıq, Akif müəllim. Sonda filologiya elmləri doktoru, fakültəmizin professoru, mərhum Nəsir Əhmədlinin dediyi kimi: “70-i aşırdın 100-ə nə qaldı?!”. Əziz Akif müəllim sizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirik! Həmişə necə görmüşüksə, bu gün də elə qalasınız. Arzu edirik ki, yüz yaşında da belə təravətli, işıqlı, sağlam və şən olasınız. Sizin mətbuatda yüzlərlə imzanız var. Bizim imzamız da sizin imzanızdır...

Nurlan CƏBRAYILZADƏ
BDU-nun Jurnalistika fakültəsi, I kurs tələbəsi

Xəbər lenti