Logo

"Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir"

12.12.2022 01:24 735 baxış
IMG

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. 

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu Öndərin 1994-cü ildə imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Dahi öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.

Gültəkin Cəlilova
YAP Kəlbəcər təşkilatının fəal üzvü

Xəbər lenti