Şirvan-Salyan Regional Təhsil İdarəsində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə idarənin müdiri Sənan Mənsimli, müdir müavini Rövşən Allahverdiyev, təhsildə keyfiyyət sektorunun aparıcı məsləhətçisi Varis Qasımlı və müəllimlər iştirak ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.
Tədbirə açılış nitqi ilə başlayan idarənin müdiri S.Mənsimli ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
S.Mənsimli ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğıdan, təhsil sahəsində apardığı uğurlu islahatlardan və bu islahatların təhsilimizin inkişafının başlanğıcı olduğunu vurğulayıb.
Daha sonra çıxış edən müəllimlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.