Logo

''Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaq''

12.12.2022 13:40 437 baxış
IMG

Bir sıra xalqların, millətlərin dövlətçilik tarixində həmişəyaşar liderlər vardır. O liderlər ki, bütün ömrünü, həyatını xalqına, dövlətinin gələcəyinə həsr edir. Məhz, dünyadakı belə liderlərdən biri xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev olmuşdur.

O, tələbəlik illərindən etibarən, Sovet dövlətinin məsul vəzifələrində təmsil olunmağa başlamış, özünü doğruldaraq, daha yüksək vəzifələrə təyin olunmuşdur. Ulu Öndərin Sovet hakimiyyəti illərində türk və müsəlman olmasına baxmayaraq, yüksək vəzifələrə irəli çəkilməsi böyük uğur idi. Bu, ilk növbədə, xalqımız üçün çox faydalı idi və Heydər Əliyev hansı vəzifədə olmasından asılı olmayaraq, hər zaman xalqımızın mənafeyi naminə i çalışmışdır.

1969-cu ulin iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan yüksək dərəcədə istifadə etmişdir. 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında olan 73-cü maddə, məhz, Ulu Öndərin təşəbbüsü ilə salınmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.

Yenicə müstəqillik əldə etdiyimiz dövrdə, AXCP-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki səriştəsizliyi ucbatından ölkədə xaos yaşanırdı. Həmin dövrdə xalqımız Heydər Əliyev kimi rəhbərə böyük ehtiyac duyurdu. Nəhayət, xalqımızın təkidli dəvətini qəbul edərək, o zaman Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyev 1993-cü il iyunun 15-də Bakıya gəldi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi , elm-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. 1998-ci il 11 oktyabr tarixində keçirilən prezident seçkilərində də, şübhəsiz, xalqımızın inam və etimadını bir daha doğruldan Ulu Öndər Heydər Əliyev ikinci dəfə ölkə prezidenti seçildi. Lakin, 2003-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ümumilli liderimiz səhhətindəyaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək, öz namizədliyini geri götürdü. 2003-cü il 12 dekabrda isə müalicə olunduğu ABŞ-ın Klivlend klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn edilmişdir.

Ümumilli liderimiz Heydər Əliyev hər bir Azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaqdır. O, vətəninə misilsiz xidmətləri ilə xalqımızın sevimlisinə çevrilmiş, vətənimizin layiqli övladı olmağı bacarmışdır. Hər il 12 dekabr 2003-cü ildən günümüzə qədər Ulu Öndərimizin əziz xatirəsi hər bir Azərbaycanlı tərəfindən ehtiramla yad edilir.

Akif Qasımzadə
YAP Yasamal Rayon Təşkilatının fəalı

Xəbər lenti