Logo

İdarə müdiri: "Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir"

12.12.2022 14:03 399 baxış
IMG

"Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır".

Bunu "Tehsil.biz"ə açıqlamasında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev bildirib.

O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan Ulu Öndər bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmişdir: "Onun elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından günlərlə, aylarla söz açmaq olar. Bəli, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun uğurlu siyasətinin, fəaliyyətinin nəticəsidir. Heydər Əliyev rəhbərlik etdiyi illər ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb".

İdarə müdiri bildirib ki, Ulu Öndər müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifidir: "Qurtuluşa aparan yolun ilk pilləsi 90- cı illərdən başladı. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində söyləmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Xalqının xilaskarı, siyasi sabitliyin təminatçısı oldu Ulu Öndər. Rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir".

R.Əliyevin fikirlərinə görə, Vətən müharibəsində qazandığımız Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir: "Ümummilli lider Heydər Əliyev bu günlərin gələcəyini bilirdi və vaxtılə uzaqgörənliklə söylədiyi gün artlq Azərbaycanın reallığıdır: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa, olsun”. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı, Qarabağı işğaldan azad etdi. Bu həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlərlə yazılan Böyük Zəfərdir! Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

"2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan xalqı böyük qürur və iftixar hissilə Ümummilli Liderinin işıqlı ideyalarını həyata keçirir.

Ulu Öndər bəşəriyyətə "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri ilə səslənərkən doğma Vətənimizin xoşbəxt bu gününü nəzərdə tuturdu", - Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev vurğulayıb.

Fəqan Əzimli

Xəbər lenti