“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam”. (Heydər Əliyev)
Yaddaşımda qalan ən unudulmaz xatirələrdən biri, ali məktəbə daxil olmağım və ilk pedaqoji fəaliyyətə başlamağımın ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi dövrünə təsadüf etməsidir. Həmin unudulmaz 1969-cu ildə o zaman pedaqoji institut adlanan ali təhsil müəssisəsinin tarix fakultəsinə əvəllər olduğu kimi 75 deyil, 100 yer ayrıldı. Mənə də həmin yüzlükdə yer almaq nəsib oldu. Sonralar bu uzaqgörən şəxsiyyətin “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır” kimi fikirləri ilə tanış olanda bir daha şahidi oldum ki, tarix müəllimliyi ixtisasını seçməkdə heç də səhvə yol verməmişəm.
Onun “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir...” sözləri, sözün bütün mənalarında ürəkdən, vətəndaşlıq mövqeyindən irəli gələn sözlər idi. Bəli, bilavasitə yaşadığımız və fəaliyyət göstədiyimiz o illərdə canlı şahidi olmuşuq ki Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb elmin, təhsilin inkişafına da necə xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.
Heç də əbəs deyildi ki, “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” mərhum prezidentimiz Heydər Əliyevin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…”
İllər keçməsinə baxmayaraq, bu gün məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm önəm daşıyan Heydər Əliyevin nəzəri isi yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasında müstəsna əhəmiyyəti bir qədər də artır. Heydər Əliyevin nəzəri irsinin öyrənilməsi mövzusunda keçirilən bütün tədbirlərin əsas məqsədi ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Bu vəzifəni şərəflə yerinə yetirən isə bilavasitə müəllimlərdir. “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.”
Nadir İsrafilov