Dekabrın 9-da Astana şəhərində Qazaxıstan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, Astana Dövlət Qulluğu üzrə Regional Xabın və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri Agentliyinin təşkilatçılığı ilə “Dövlət qulluğunda insan resursları: personalın strateji idarəetməsinə keçid” mövzusunda İnsan Resursları Forumu keçirilib.
Tehsil.biz xəbər verir ki, forumda Qazaxıstan, Türkiyə, Cənubi Koreya, Macarıstan,Tacikistan, Qırğızıstan və s. ölkələrin dövlət qulluğu orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri və müvafiq sahə üzrə ekspertlər iştirak ediblər.
Forumun məqsədi xidmət yönümlü və insan mərkəzli dövlət aparatının qurulması istiqamətində ölkələr qarşısında duran çağırışlar, dövlət qulluğunun inkişafı sahəsində müşahidə olunan qlobal və regional tendensiyalar və s. məsələlərin müzakirəsi olub.
Forumun açılışında Azərbaycanı təmsil edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov çıxış edərək dövlət qulluğu sistemində səmərəli idarəetmənin qurulmasında insan resurslarının rolu, ölkəmizdə dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi və bu sahədə beynəlxalq təşkilatlarla aparılan işlər haqqında məlumat verib.
B.Xəlilov Forum çərçivəsində Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri Agentliyinin, Astana Dövlət Qulluğu üzrə Regional Xabın və Türkiyə Respublikası Prezidenti Administrasiyası İnsan Resursları Ofisinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ölkələr arasında təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.