Logo

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinin nəticələri elan olunub

13.12.2022 18:16 374 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 27-də keçirilmiş peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinin (mühasibat uçotu üzrә) nəticələri açıqlanıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, iştirakçılar imtahan nəticələri ilə Mərkəzin internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 558 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər dekabrın 14-ü saat 14:00-dan dekabrın 18-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi onlayn formada “Zoom” proqramı vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbər lenti