Logo

Bakı məktəbində müəllim 1-ci sinif şagirdlərini hədələdi - Nazirlikdən REAKSİYA

13.12.2022 20:24 1519 baxış
IMG

Övladı Bakı məktəbində oxuyan valideyn öz övladı ilə yanaşı, bir neçə 1-ci sinif şagirdinin müəllim tərəfindən qaranlıq otağa salınacaqları ilə bağlı hədələndiklərini bildirib.

Tehsil.biz xəbər verir ki, bu barədə Parvana Rasim adlı feysbuk istifadəçisi öz sosial şəbəkə hesabında şagirdlərin şəklini paylaşaraq iddia irəli sürüb.

O bildirib ki, şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləridir: "Sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşın içindədir. Digər uşaqların üzünü valideynlərinin razılığını almağa fürsətim olmadığı üçün göstərməmişəm. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllim xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir”.

Valideyn qeyd edib ki, bu məktəbdə uşaqlara qarşı fiziki və psixoloji şiddət adi hal alıb: “Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllim və məktəbin psixoloqu ilə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib. Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki, "müəllimdən qorxuram, ona de, üstümə qışqırmasın". Artıq orda nə baş verirdi bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya bildirəndə, "mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram", - dedi".

Şikayətçi məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Elm və Təhsil Nazirliyinə, adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehova müraciət etsə də, heç bir reaksiya almadığını bildirib: "Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər, yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiniz, onlayn sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkün imiş”.

İddialarla bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələnin araşdırıldığını, bu barədə məşğul olacaqlarını bildirib.

Fəqan Əzimli

Xəbər lenti