Logo

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar-treninq işə başlayıb - FOTO

15.12.2022 00:27 399 baxış
IMG

Cari ilin dekabr ayının 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Elm və Təhsil Nazirliyi ilə  birgə təşkil etdiyi “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda üçgünlük  seminar-treninq öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, tədbirin ilk günündə Bakı şəhərinin  Yasamal rayonunda yerləşən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.

Seminar-treninqdə Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədris proqramlarındakı milli-mənəvi dəyərlərimiz, həmçinin dinlər, xüsusilə İslamla bağlı mövzuların şagirdlərə düzgün izah edilməsi, bu mövzularda mümkün sualların cavablandırılması istiqamətində tövsiyələr müəllimlərin diqqətinə çatdırılıb. Eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün onlarla işin qurulması istiqamətləri, xüsusilə yuxarı sinif şagirdləri arasında bu dəyərlərin təbliğ olunması metodları, dinə aid mövzuların şagirdlərə çatdırılması üsulları və bu kimi digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.  

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İlahiyyat fakültəsinin dekan müavini, s.f.d., dos. Asəf Qənbərov, İslamşünaslıq kafedrasının müəllimi, t.f.d., dos. Rəşad Mustafa mövzu ilə bağlı təqdimatla çıxış ediblər. 

Sonda müəllimlərin sualları cavablandırılıb, məsələ ilə bağlı təklifləri dinlənilib.

Seminar-treninq çərçivəsində iştirakçılar Azərbaycan İlahiyyat İnstitutundakı tədris prosesi, tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Xəbər lenti