Logo

"Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir"

15.12.2022 11:07 612 baxış
IMG

Qloballaşma və inteqrasiya prosesləri dünyanı vahid iqtisadi orqanizmə çevirmişdir ki, burada da aparıcı vasitələrdən biri nəqliyyat əlaqələridir.

Bu mənada müasir dövrün xarakterik cəhətlərindən biri əmtəə və xidmətlərin, insan və kapitalın intensiv hərəkətidir. Artıq baş verən proseslərin təsiri ilə iqtisadi əməliyyatlar, kapitalın, iş qüvvəsinin, əmtəə və xidmətlərin dünyada hərəkəti üçün coğrafi sərhədlər formal hal alıb. Başqa sözlə desək, insanların, ticarət mallarının, xidmətlərin və sərmayənin dünyada sərbəst dövr etdiyi bir zamanda yaşayırıq. 

Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq; Buna görə də məhsuldar və alternativli beynəlxalq nəqliyyat şəbəkələrini inkişaf etdirmək, dünya ticarətinin sürətlə artan ehtiyaclarını qarşılamaq yaşadığımız dövrdə vacib  zərurətə çevrilmişdir. Beynəlxalq bazarlarda artan rəqabət, istehsal olunan əmtəələrin dünya bazarlarında cəlbedici qiymətlərlə satışı, ümumilikdə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin olunması operativ və səmərəli daşıma tələb edir. Bu baxımdan da iqtisadiyyatda xidmət sahələrinin mühüm tərkib hissəsi olan daşıma sektorunun dəyəri istehsal sektoru qədər əhəmiyyətlidir.

Bu günlərdə “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi reallaşacaqdır. Azərbaycan Respublikasının Avroatlantik məkanda nəqliyyat-tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirən, iştirakçı ölkələr üçün mühüm siyasi və sosial-iqtisadi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu üzrə bütün sınaq işləri yekunlaşıb və artıq layihənin təntənəli açılışı ərəfəsindəyik. Əsas təşəbbüskarın Azərbaycan tərəfi olduğunu və ölkəmiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq layihənin reallaşma dinamikasına nəzər salmaq yerinə düşərdi.     

Ölkəmizə nəqliyyat və tranzit üstünlüyü qazandıran Bakı-Tbilisi-Qars  dəmir yolu üç ölkənin ərazisindən keçir, ümumi uzunluğu 838,6 kilometrdir. Azərbaycan Respublikası ərazisində uzunluğu 503 kilometr, Azərbaycan sərhədindən Gürcüstanın Axalkalaki sərhədinə qədər 230 kilometr., Gürcüstan sərhəddindən (Axalkalaki) Türkiyə sərhədi Kartsaxiyə qədər 26,3 kilometr, Oradan (Kartsaxi) Qarsa qədər məsafə isə 75,6 kilometrdir. Qatar Azərbaycanın paytaxtı Bakıdan çıxıb Gürcüstanın paytaxtı Tbilisiyə gedir, Tbilisinin 23 kilometr cənubundan qərbə doğru – Axalkalaki sərhədinə, oradan da cənuba enən xətt ilə Türkiyənin Qars şəhərinə çatır.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, hələ 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Bu Bəyannamə əslində hər üç ölkə rəhbərinin Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin nə qədər əhəmiyyətli olduğuna bir baxış idi.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının reallaşmasında öz qəti mövqeyini ortaya qoydu. Ölkə başçısının 7 fevral 2007-ci ildə Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin başlanması ilə bağlı saziş imzalandı. Bütün bunların davamı kimi, 21 fevral 2007-ci ildə Azərbaycan Prezidenti yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzaladı. 21 noyabr 2007-ci ildə isə Gürcüstanın Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Qars şəhərində Türkiyə hissəsinin tikintisinə start verildi.

Hər zaman sülhsevər və qonşuluq siyasətinin bütün incəliklərinə dəqiqliklə əməl edən Azərbaycan Respublikası layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikinti işlərinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Bu məqsədlə Gürcüstan Respublikasına illik 1 faiz dərəcəsi ilə 25 illiyə 220 milyon dollar kredit verildi. 2015-ci ildən etibarən layihə üzrə sınaq işlərinə başlanıldı, ilk sınaq qatarı Türkiyə sərhəddinə qədər gedib çatdı. Dəfələrlə keçirilən sınaqlar nəticəsində yolda müasir standartlara uyğun son tamamlanma işləri aparıldı, xüsusilə Türkiyə ərazisində sərt və mürəkkəb relyef şəraitində tunel çəkilişləri, yol bərkidilməsi işləri yerinə yetirildi, Gürcüstan-Türkiyə sərhəddində 4,4 kilometr uzunluğunda, 450 metr dərinliyində tunel tikildi.

Bu layihənin yalnız iştirakçı ölkələr üçün deyil, ümumilikdə onun dünyəvi əhəmiyyəti nüfuzlu ekspertlər tərəfindən dəfələrlə səsləndirilmişdir. Bakı-Tbilisi-Qars layihəsi BMT-nin 2005-ci ilin mart hesabatına 4 balla qiymətləndirilən birinci dərəcəli prioritet layihə kimi düşmüş və dünyanın 100 ən mühüm layihələrindən biri olduğu qeyd edilmişdir.

Layihənin başqa bir üstünlüyü ondan ibarətdir ki, istismar üçün sifariş verilmiş vaqonlar müasir texnoloji üstünlüklərlə təchiz olunmuşdur. Bu da vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə, müxtəlif enliklərdə olan yollara avtomatlaşdırılmış şəkildə uyğunlaşdırmağa imkan verir. Bütün bunlar nəticədə sərhəd-keçid məntəqələrində, yol dəyişmələrində vaxt itkisini aradan qaldırmaqla daşımaların daha rahat yerinə yetirilməsinə imkan verir və layihənin cəlbediciliyini artırır.

Bakı-Tbilisi-Qars layihəsinin ölkəmiz üçün əhəmiyyətliliyinə gəldikdə, bütün iqtisadi dayaqlarla yanaşı, bu layihə ölkəmiz üçün tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir. Bakı-Tbilisi-Ceyhan layihəsindən sonra, ölkəmiz və ümumilikdə dünyamız üçün mühüm əhəmiyyəti olan ikinci əfsanə artıq Azərbaycan dövlətinin, ölkə başçımızın qətiyyəti və möhkəm iradəsi sayəsində reallığa çevrilmişdir.

Hazırda 30-40 günə ünvanına çatdırılan yüklər Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra 7 günə müvafiq ünvanlara çatdırılacaq.

Təbii ki, mühüm sosial-iqtisadi gözləntilər vəd edən Bakı-Tbilisi-Qars layihəsinin siyasi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin birgə  reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu hər üç ölkənin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının inkişafına  öz müsbət töhfəsini verəcəkdir.  Bu dəmir yolunun açılmasının bir məqsədi də bölgədə yeni enerji dəhlizi yaratmaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması Avropanın enerji təminatında ölkəmizin mövqeyini daha da gücləndirəcək. Digər tərəfdən, Orta Asiya respublikalarının, Rusiyanın və digər ölkələrin bu dəmir yolu layihəsinə cəlb edilməsi regionda sabitliyə və dinamik tərəqqiyə səbəb olacaq. O cümlədən, hazırda Türkiyə ilə İran arasında yolun müasir tələblərə tam cavab verməməsi, Van gölü və Saraksda gözləmələr daşımaları yeni dəmir yoluna meyillənməyə vadar edəcək. Nəticədə layihədən bəhrələnən iştirakçı ölkələrin sayı xeyli artacaq ki, bu da olduqca əhəmiyyətli siyasi uğurlar vəd edir.

Bakı-Tbilisi-Qars kimi layihələrinin reallaşması təkcə regional əməkdaşlıq baxımından deyil, eyni zamanda, bölgənin beynəlxalq cəmiyyətə ən yaxşı şəkildə intreqrasiyası baxımından da əhəmiyyətlidir. Bölgənin iqtisadi inkişafını dəstəkləyən bu cür layihələr xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradacaqdır. Layihənin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran, Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən “köhnə qitəyə” daşınmasına imkanlar yaradacaqdır.

Şirin Əzizov

Xəbər lenti