Fevralın 16-da “Davam” Gənclər Hərəkatı (GH) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AR GİN), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər NAZİRLİYİ (AR ETSN), Azərbaycan Respublikasının Gənclər FONDU (AR GF) və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə ağacəkmə aksiyası həyata keçirilib. Aksiya böyük Zəfərimizin 100-cü gününə və Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Aksiyaya AR GİN müavini Fərhad Hacıyev, Səbail RİH başçısı Vüqar Zeynalov, “Davam” GH-nin sədri Nihad Allahyarlı, BŞGİBİ-nin rəisi Raqif Abbasov, həmçinin şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, olimpiya və dünya çempionları və tələbələr qatılıb.
O cümlədən aksiyada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 40-a yaxın könüllü tələbəsi də iştirak edib.
Tədbir şəhidlərimizin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, daha sonra canlı şəkildə Azərbaycan dövlət himni ifa edilib. Bununla yanaşı gənclər tərəfindən eni 10 metr, uzunluğu 20 metr olan şanlı Azərbaycan bayrağı ilə fləşmob keçirilib.
Fləşmobun ardından start götürən aksiya zamanı 150-dən çox fəal gəncin iştirakı ilə 200-dən çox ağac tingləri əkilib, suvarılıb və xüsusi qaydada qulluq göstərilib.