Azərbaycan xalqı 44 günlük vətən müharibəsində bütün dünyaya vətənpərvərlik və həmrəylik nümunəsi göstərdi.
Müasir elmi-texniki tərəqqinin imkanlarında məharətlə istifadə edən rəşadətli ordumuz XXI əsrin müharibəsini apararaq tarixi ədaləti bərpa etdi. Dalana dirənən Ermənistan 10 noyabr 2020-ci il tarixində Rusiyanın da iştirak etdiyi üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Nikol Paşinyanın bəyanatı harada imzaladığı hələ də məlum deyil. Həmin müqaviləyə görə Rusiya sülhməramlıları Qarabağ ərazisində yerləşdirilməli, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər sülhün və sabitliyin təminatçısı, tərəflər arasında münaqişələrin qarşısını alan sülhməramlı qüvvə rolunu oynamalı idi. Ancaq regiona gəldikləri gündən öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olan sülhməramlıların məramlarının sülh olmadığı açıq-aydın görünməyə başladı.
Bəs məramı sülh olmayan sülhməramlıların məramı nədir?
Bu suala cavab vermək o, qədər də çətin deyil. Son baş verən hadisələr fikirimizi daha da qətiləşdirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının müharibə dövründə talan edilən təbii sərvətlərimizin monitorinqini aparmaları üçün yollandıqları suverən ərazilərimizə sülhməramlılar tərəfindən heç bir əsas göstərilmədən, qanunazidd olaraq buraxılmamaları və jurnalistlərə uyğunsuz davranışların edilməsi təbii olaraq etiraz aksiyalarının keçirilməsinə səbəb oldu. Azərbaycan xalqı hal-hazırda davam edən və hər an genişlənən aksiyaları dəstəkləyir.
Aksiyalarda müxtəlif xarici ölkələrin şirkətləri tərəfindən qanunsuz olaraq talan edilən və sülhməramlıların səlahiyyətləri daxilində olmamasına baxmayaraq indi də talanmasına icazə verdiyi təbii sərvətlərimizə qarşı ekoloji terroru dayandırmağı tələb, qanunsuz əməllərə son qoymağa çağırış edirlər. Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına çalışır və bu istiqamətdə taleyüklü addımlar atır. Ermənistan və onun havadarları isə bunu istəmirlər. Cənub qonşumuz, fars molla rejiminin hakim olduğu İran dövləti də Ermənistana öz hərbi-siyasi dəstəyini davam etdirir. Azərbaycanı qorxutmaq üçün Araz çayı boyu hərbi təlimlər keçirir. Rusiya sülhməramlıları tərəfsiz və obyektiv olmalı olduqları halda ermənilərə xüsusi "diqqət" və "qayğı" ilə yanaşırlar. Eyni zamanda Qarabağda erməni separatçılarının fəaliyyətinə şərait yaradırlar. Onların bu hərəkətləri əslində erməniməramlı olduqlarının göstəricisidir. Tarixə nəzər salsaq Cənubi Qafqazda qondarma erməni dövlətinin yaradılmasının ilk olaraq rus imperatoru l Pyotrun planı olduğunu, onun ermənilərdən etnik, dini və siyasi dayaq yaradaraq öz maraqları naminə istifadə etdiyini görə bilərik. I Pyotrun dövründə erməni dövləti yaradılmasa da buna zəmin hazırlandı. XX əsrin əvvəllərində isə bu həyata keçirildi. Azərbaycanın tarixi torpaqlarında qondarma "Erməni dövləti" yaradıldı. Böyük tarixi ədalətsizlik baş verdi.
Ancaq sadalanan qanunsuzluqları törədən qüvvələr, ədalətsiz davranan düşmənlər dəmir yumruğun mövcudluğunu unudurlar. Onlara xatırlatmaq istərdim: Unutmayın! dəmir yumruq yerindədir və hər an düşmənin başını əzməyə hazırdır!
Son zamanlar özünü Qarabağ ermənilərinin "müdafiəçisi" kimi göstərən erməni əsilli Rusiya milyarderi Ruben Vardanyan da Cənubi Qafqazda münaqişələrin alovlandırılmasını istəyən qüvvələr tərəfindən Qarabağa göndərilib. Deyəsən ermənilər reallıqlar ilə razılaşana qədər hələ çox Andıraniklərin qulağı üzülməli olacaq. Yəqin ki, Vardanyan "babası" Andıranikin başına gələnlərdən xəbərdardır. Əgər o, Andıraniklə eyni taleyi yaşamaq istəmirsə gəldiyi yerə geri dönsün. Qarabağ və orada yaşayan ermənilərlə bağlı veriləcək qərarlar Azərbaycanın daxili işidir və biz öz daxili məsələlərimizi heç bir Vardanyanla və ya xarici dövlətlə müzakirə etməyə hazırlaşmırıq, bunu düşünmürük. Azərbaycan tam azad və müstəqil dövlətdir. Biz ölkəmizə, sərhədlərimizə, suverenliyimizə və milli maraqlarımıza qarşı yarana biləcək bütün təhdidlərə qarşı daim kəskin mübarizə aparacağıq. Bizim milli birliyimiz, həmrəyliyimiz əbədidir və sarsılmazdır!
Məhyəddin Nəsimioğlu
İctimai-siyasi fəal