Azərbaycanda savadlılıq səviyyəsinin göstəricisi 100 %-ə yaxınlaşır.
Tehsil.biz xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, magistrların 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 və elmi tədqiqatçıların 56 %-i qadınlardır.
"Təhsilin bütün səviyyələrində qadınlar kişilərlə bərabər fəal iştirak edir və uğurlar əldə edirlər. Azərbaycanda orta ixtisas təhsili və ali təhsil müəssisələrində qadınların idarəetmədə təmsilçiliyi kişilərə nisbətən üstündür.
Orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin say bölgüsündə qadınlar kişilərə nisbətən üstünlük təşkil edir. Qadınların say göstəriciləri ali təhsil müəssisələrində 55,74 %, orta ixtisas müəssisələrində 80,75 %, peşə təhsili müəssisələrində 60,78 %-dir.
Həmçinin respublikanın ümumtəhsil məktəblərində 3 642 direktordan 1 352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır. Başqa sözlə, ümumtəhsil məktəblərində müəllimlərin 84,3 faizi qadındır", - komitənin məlumatında bildirilib.