Logo

DQİDK ilə Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi seminar-treninq yekunlaşıb - FOTO

16.12.2022 15:56 443 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Elm və Təhsil Nazirliyi (ETN) ilə birgə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda təşkil etdiyi üçgünlük seminar-treninq dekabr ayının 16-da yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, ETN-nin şöbə müdiri Vəfa Yaqublunun iştirakı ilə keçirilən tədbirdə Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova “Həyat bilgisi fənninin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində rolu”, İlahiyyat fakültəsinin dekan müavini, s.f.d., dos. Asəf Qənbərov “Dünyada din təhsili modelləri və Azərbaycan nümunəsi”, İslamşünaslıq kafedrasının müəllimi, t.f.d., dos. Rəşad Mustafa “Tarix fənninin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində rolu” mövzusunda təqdimatlarla çıxış ediblər.

Çıxışlar zamanı Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədris proqramlarındakı milli-mənəvi dəyərlərimiz, həmçinin dinlər, xüsusilə İslamla bağlı mövzuların şagirdlərə düzgün izah edilməsi, bu mövzularda mümkün sualların cavablandırılması istiqamətində tövsiyələr, eləcə də bu baxımdan beynəlxalq təcrübə müəllimlərin diqqətinə çatdırılıb. Eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün onlarla işin qurulması istiqamətləri, xüsusilə şagirdlər arasında bu dəyərlərin təbliğ olunması metodları, dinə aid mövzuların şagirdlərə çatdırılması üsulları və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, üçgünlük seminar-treninq Bakının Nəsimi, Yasamal, Səbail rayonlarındakı məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, Həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər olmaqla ümumilikdə 600 nəfər təhsil işçisini əhatə edib.

Xəbər lenti