Qiymətli üzük tapsaydınız, nə edərdiniz? Siz bu suala cavab tapın, mən də öz qəhrəmanımdan danışım...
Bu yazı gerçək həyat həqiqətlərini özündə daşıyır. Yəni, yaxşılığın yaxşılıq gətirdiyini, yaxşılığın qapı açdığını oxucuya çatdırır...
Qoca adam adəti üzrə yoldan keçənlərdən pul dilənir, bu minvalla gündəlik ehtiyacını ödəyirdi.
Bir gün hadisələr tamam fərqli şəkil alır. Tanımadığı qadın qocaya yaxınlaşaraq qarşısındakı dəmir pulqabına iyirmi dollar atır. Qoca bu qədər pulu ona nə üçün verdiyini soruşur. Qadın qocaya doğru əyilir, sakitcə qulağına həyatda yaxşılığın qiymətsiz olduğunu pıçıldayır. Qadın oradan uzaqlaşanda qoca onun arxasından səslənərək adını soruşur. Qadın adının Sara olduğunu deyir.
Qoca qutudakı pulları ovcuna töküb saymağa başlayır. Bu an pullarla bərabər bir üzük də görünür. Qoca üzüyü xatırlayır. Bu, Saranın barmağındakı işıq şüaları altında bərq vuran üzük idi. "Yəqin ki, qutuya pul qoyan zaman barmağından düşmüşdü" deyə qoca öz-özünə düşünür. Vaxt itirmədən arxasınca qaçmağa
başlayır. Nə qədər cəhd etsə də qadını tapa bilmir.
Günlərin birində qoca zərgərlik məmulatlarının alışı-satışı ilə məşğul olan dükanın önündən keçirdi. O, marağının qarşısını ala bilməyib dükana daxil olur. Əlindəki üzüyün dəyərini satıcıdan soruşur. Dükan işçisi üzüyə dörd min dollar verə biləcəyini söyləyir. Və pulları qocaya uzadır. Qoca çox təəccüblənir: hələ həyatı boyu dörd min dolları bir yerdə görməmişdi. Bu pullar onun uzun zaman ehtiyacını qarşılıyardı. Qoca xeyli vaxt pula baxdı, bu an Sara yadına düşdü. Onun dediklərini xatırladı. Qoca üzüyü satmaq fikrindən daşınaraq çıxıb getdi.
Aradan xeyli zaman keçmişdi. Qocanın qəlbi və ayaqları onu özü də bilmədən bir restorana apardı. O, yaxınlaşaraq pizza sifariş etdi. Masaya tərəf keçəndə istəmədən kostyumlu adama dəydi. Qoca ondan üzr istəsə də özündən razı adam ona diksinmiş nəzərlərlə baxmaqda davam edirdi. O, keçib masa arxasında əyləşdi. Nimdaş geyimli qoca da eyni stolda oturdu.
Kostyumlu adam özün elə aparırdı ki, sanki eləbil onun yanında Allah bəndəsi yoxdu. O, özündən müştəbeh şəkildə kompüterlə məşğul oldu. Bu vaxt masaya pizza gətirildi. Ofisiant tələsdiyi üçün, əlindəkini masanın tən ortasına, biraz da qocaya tərəf qoydu. Kostyumlu adam pizzanı özünə sarı çəkərək yeməyə başladı.
Masada pizzanın son dilimi qalmışdı. Qoca pizzanı öz tərəfinə çəkərək son dilimi götürdü. Qoca əlindəki dilimi iki hissəyə bölərək bir dilimini ona uzatdı. Kostyumlu adam bunun iyrənc olduğunu deyərək başqasının yeməyini yemək əvəzinə gedib işləməli olduğunu bildirdi. Bu vaxt masaya kostyumlu adamın da sifarişi gəldi. Kostyumlu adam pizzasını yediyini söylədi. Pizza gətirən isə yedikləri pizzanın qocanın sifarişi olduğunu dedi. Hər ikisi də eyni pizzadan sifariş vermişdi.
Kostyumlu adam qocadan üzr istədi və niyə yeməyini onunla bölüşdüyünü soruşdu. Qoca sakit və ruhsuz halı ilə dilləndi: "Biri mənə edilən yaxşılıqların geri qayıdacağını deyib. Yaxşılıq elə bir məfhumdur ki, onun qiyməti yoxdur" deyə söylədi.
Günlərin bir günündə qoca gözlərinə inanmadı. Qəlbində gəzdirdiyi qadını və cibində gəzdirdiyi üzüyün sahibini – Saranı nəhayət ki, tapmışdı. Eləbil ki, Saranı onun qarşısına Allah çıxartdı.
Sara qocanı görəndə təəccübləndi. İlk andaca onun nəyəsə ehtiyacı olub, olmadığını soruşdu. Qoca cibindən üzüyü çıxaraq Saraya tərəf uzatdı. Sara xeyli vaxtdı bu üzüyü axtardığını dedi. Və çox sevindi. Qocanın insanlığı qarşısında sanki donmuş buz parçası kimi dayandı. Buzun əriməsi ilə Sara dilə gəldi: "Düşünürdüm ki, üzüyü tapan heç vaxt onu geri gətirməz". Sonra Sara üzünü və qəlbini qocaya tərəf tutdu və heyrətlər içində soruşdu: "Bu üzüyü sataraq özünə nə isə ala bilərdin, niyə geri qaytardın?" Qoca qadının yaxşılıqla bağlı sözlərini də, üzüyü də Saraya verərək söylədi: "Yaxşılıq insanlığa açılan qapıdır".
Sara qocaya heyrətlə baxdı. Bu hadisə bütün ölkədə yayıldı. Dünyanın hər yerindən insanlar qocaya ianə etməyə başladı. Yığılan bütün ianələr bir evin qiyməti qədər idi. Qoca artıq çöldə yatmaqdan xilas oldu, onun həyatı tamam dəyişdi...
Bu hekayədə olduğu kimi biz insanlar öz həyatımızda etdiklərimizin mütləq mükafatını alırıq. Əminolun ki, etdiyimiz yaxşılıq və ya pislik özümüzə qayıtmayınca bu dünyadan köçə bilmərik.
1 dekabr, 2022-ci il, cümə axşamı, saat 01:42
Südabə Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi