Logo

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

17.12.2022 11:23 351 baxış
IMG

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin qanunsuz  istismarına etiraz xarakteri daşıyır.

Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları ermənilərin növbəti ağ yalanıdır. Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınmasına  son qoyulmalıdır.

Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir. Aksiya iştirakçılarının “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları haqlı tələbləri əks etdirir.

Gözlənildiyi kimi, erməni tərəfi budəfəki dinc və qanuni aksiyamızı da dünya ictimaiyyətinə öz bildikləri kimi saxta məzmunda təqdim edir.

Əslində Laçın yolunda heç bir humanitar problemdən və ya fəlakətdən söhbət gedə bilməz. Çünki yolu etirazçılar, çadırlar yox, faktiki rus hərbçiləri bağlayıb. Hətta aksiya iştirakçıları insanpərvərlik göstərərək, Xankəndidəki erməni əsilli Azərbaycan vətəndaşlarına müraciətlə ağır xəstə olanların nəqlinə yardımçı olmağa hazır olduqlarını bildiriblər. 

Azərbaycanlı fəalların Xankəndi ətrafında aksiyası rus sülhməramlı kontingentinə qarşı deyil, öz qanunsuz silahlı birləşmələrini hələ də Qarabağ ərazisindən çıxarmayan ermənilərin təxribatlarına qarşıdır.

Bir sözlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.

Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. 

Əminik ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olaraq  vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılacaq və haqlı tələblər öz həllini tapacaq.

Əliyev Rövşən
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri 

Xəbər lenti