Antinarkotik təbliğatı çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şagirdlərlə növbəti görüş Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbdə keçirilib.
Tehsil.biz xəbər verir ki, şöbə əməkdaşları çıxışlarında narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıblar. Narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurduğu, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu vurğulanıb.
Görüşdə həmçinin, erkən nikah kimi neqativ halların gələcəkdə səbəb olduğu fəsadlardan, həmin ailələrdəki fərdlərin fiziki və mənəvi sağlamlıq baxımından üzləşdiyi təhlükələrdən danışılıb. Yeniyetmə və gənclərin ilk növbədə təhsilə, sağlam həyat tərzinə maraq göstərməli olduğu, cəmiyyət üçün gərəkli bir fərd olmaq üçün çalışmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra müzakirə olunan mövzularla əlaqədar videoçarxlar nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.