Logo

LDU-nun 30 illiyi qeyd olunub - FOTOLAR

17.12.2022 17:15 625 baxış
IMG

Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından sayılan Lənkəran Dövlət Universitetinin (LDU) 30 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Tehsil.biz xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində universitetin professor-müəllim-tələbə-işçi heyəti ilə yanaşı, ölkənin təhsil rəsmiləri, millət vəkilləri, digər ali təhsil ocaqlarının rektorları, tanınmış elm xadimləri, LDU-nun təhsil uğurları ilə seçilən məzunları iştirak edib.

Mərasim Azərbaycanın ərazi bütövlüyü, vətənin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. İştirakçıları LDU-nun 30 illik yubileyi münasibətilə təbrik edən Natiq İbrahimov bu əziz gündə kollektivin sevincini bölüşənlərə  təşəkkürünü bildirib, xoş arzularını çatdırıb. Rektor  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 403 saylı qərarı ilə yaradılan Lənkəran Dövlət Universitetinin 30 ildə keçdiyi inkişaf yolundan ətraflı söz açıb. LDU rəsmisi Ümummilli lider Heydər Əliyevin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” kəlamını xatırladaraq bildirib ki, Prezident İlham Əliyevin təhsilin, elmin inkişafına diqqət və qayğısı sayəsində universitet 30 il ərzində böyük uğurlara imza atıb və hazırda bu ali təhsil ocağında 5 fakültə, 13 kafedra fəaliyyət göstərir, 5.400 tələbə təhsil ailır. 

Rektor çıxışında qeyd edib ki, universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilin modernləşdirilməsi məqsədilə yeni fənn kabinələri yaradılıb, xaricdən müasir laboratoriyalar alınıb, respublikada ilk dəfə olaraq kənar yerlərdən dəvət edilən və mübadilə proqramı əsasında gələn müəllimlər üçün 18 xidməti mənzil inşa edilib və  zəruri avadanlıqlarla birlikdə onların istifadəsinə verilib. Həmçinin, universitetdə aqrar ixtisaslar üçün 2,5 hektarlıq tədris-təcrübə sahəsində çoxlu sayda sitrus bitkiləri əkilib, 2 yeni istixana tikilib, turizm-tədris bazası yaradılıb. Təhsilin modernləşdirilməsi istiqamətində görülən işlər tələbələrin say artımına da müsbət təsir göstərib.  2016/2017-ci tədris ilində tələbə kontingenti 2588, qəbul olunanların sayı 745 nəfər olmuşdursa, 2022/2023-cu tədris ilində LDU-da tələbələrin sayı 5400, yeni qəbul olunanların sayı 1800 nəfərə  çatıb.

Prof. N.İbrahimov hər il universitetdə regionun orta məktəblərinin şagirdləri üçün fənn olimpiadaların, Açıq qapı günü və məzun yarmarkasının keçirildiyini, sonuncu məzun yarmarkasında 200-dən artıq məzunun işlə təmin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışarkən 2016-cı ildə 5 mərtəbəli binanın əsaslı təmir olunduğunu, 2018-ci ildə 100 nəfərlik tələbə yeməkxanasının, 2019-2022-ci illər arasında 3 yeni tədris binasının, müasir tipli 160 nəfərlik yataqxana binasının inşa edilərək tələbələrin istifadəsinə verildiyini, Elmi kitabxana kompleksinin əsaslı təmir olunduğunu qeyd edib.

Çıxışda universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecdə yaradılan yeni idarəetmə strukturundan, LDU-nun son 5 ildə imza atdığı elmi uğurlardan da ətraflı söz açılıb. Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin inkişafına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın, Elm və Təhsil Nazirliyinin dəstək və qayğısını xüsusi vurğulayıb. Son ildə cənab nazir Emin Əmrullayevin LDU-ya bir neçə dəfə səfər etməsini, universitetin problem və qayğılarını daim diqqətdə saxlamasını, onların həllinə yardımçı olmasını yüksək diqqətin təzahürü adlandırıb.

Yubiley tədbirinə qatılan Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışında yubiley münasibətilə LDU kollektivini təbrik edib, son illərdə universitetdə görülən işləri yüksək dəyərləndirib, bunu yüksək idarəetmənin və kollektiv işin uğuru adlandırıb.

Nazir Emin Əmrullayev regionlarda ali təhsil müəssisələrinin kontigentinin artırılmasını vacibliyini qeyd edərək bildirib ki, bu, həm də regionların inkişafı deməkdir, təhsilin əlçatanlığını təmin edir. Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25.11.2022-ci il tarixli Sərəncamı ilə universitet əməkdaşlarının təltif olunmasını Müzəffər Ali Baş Komandanın bu ali təhsil ocağına diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirən Emin Əmrullayev bildirib ki, sözügedən sərəncamla Yədulla Ağazadə  və  Sənan Əzizov “Əməkdar müəllim” fəxri adı ilə, Məlahət Ağayeva, Kamal Mahmudov, Ənvər Şahqubadbəyli “Tərəqqi” medalı ilə təltif olunublar.

Nazir LDU-nun 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə universitetin təhsildə fərqlənən əməkdaşlarının bir qrupunun “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunduğunu xoş müjdə kimi tədbir iştirakçılarına çatdırıb, təltif olunanlara mükafatları təqdim edərək onları təbrik edib, kollektivə bundan sonrakı fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. 

Lənkəran Dövlət Universitetinin 30 illk yubiley sevincinə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da şərik olub. İcra başçısı  kollektivə xoş arzularını bildirib, LDU-nun rayonun, bölgənin elmi-mədəni həyatında oynadığı əhəmiyyətli roldan danışıb. Bildirib ki, yarandığı dövrdən ölkənin, regionun həyatında mühüm rol oynayan LDU Lənkəran şəhərinin sosial, iqtisadi, mədəni inkişafına daima öz dəyərli töhfəsini verib.

Lənkəranın, cənub regionunun ixtisaslı kadrlarla təminatında  LDU-nun əhəmiyyətli rol oynadığını deyən T.Qaraşov yubiley ərəfəsində universitetin bir qrup əməkdaşının Lənkəran Şəhər İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif olunduğunu bildirib və kollektivə bundan sonra da böyük təhsil uğurları arzu edib.

Təbrik çıxışlarında universitet kollektivinə xoş arzular yer alıb.

44 günlük Vətən müharibəsində LDU-nun 11  məzununun şəhid olduğu, onlarla məzunun  qəhrəmanlıqla döyüşərək cəbhədən qazi, veteran kimi qayıtması, onların universitetdə işlə təmin olunması, daima qayğı ilə əhatələnməsi bu ali təhsil ocağında gənc nəslin vətənpərvərlik tərbiyəsinə göstərilən yüksək diqqətin nəticəsi kimi dəyərləndirilib.

Mərasimdə 30 illik yubileylə bağlı LDU-ya ünvanlanan təbrik məktubları oxunub. Ölkə universitetlərinin rektorları adından Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək LDU kollektivinə bayram arzularını çatdırıb, xatirə hədiyyəsini rektor Natiq İbrahimova təqdim edib.

LDU-nun keçdiyi 30 illk şərəfli yolu əks etdirən videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib.

Xəbər lenti