Logo

"Həyatda bir uğur vardır: öz yolunda addımlaya bilmək"

18.12.2022 13:05 543 baxış
IMG

Məşhur Amerika yazıçısı Kristofer Morli demişdir: Həyatda, sadəcə, bir uğur vardır: öz yolunda addımlaya bilmək. Gerçəkdən, bu bir cümlənin önündə də, arxasında da, yanında da, içərisində də böyük bir həqiqət payı vardır. 

1985-ci ildə Yuxarı Salahlı kənd orta məktəbinə qədəm basarkən hamı kimi məndən də gələcəkdə kim olacağımı soruşmuşdular. Lakin sualı dərk etsəm də, cavabı idrak edə bilmədiyimdən gələcəkdə hansı peşədə olmaq istəyimə cavab verə bilməmişdim. Bəlkə də qarşıda qasırğa kimi əsərək dövranı dəyişəcək tale rüzgarının sınaqlarını hansısa fövqəl qüvvələr vasitəsilə duyub hiss etmişəmmiş. Həyat müəllimim, mərhum atam İmrayıl Alıyevin təsiri ilə özümü dərk etdikdən sonra öncə insan olmağı qarşıma məqsəd qoymuşam. Atamın insanlıq kriteriyaları həm ciddi, həm ağır, həm də şərəfli idi. O bizə deyirdi ki, kim olursansa ol, insan kimi işinin peşəkarı ol. Xoşbəxtlik və təmtəraq ardınca qaçmağın tamamilə əleyhinə olaraq bildirirdi ki, əgər getdiyiniz yolda büdrəməsəz, yoldan sapmasaz xoşbəxtlik özü gəlib sizi tapacaq. Ona görə də həyatın ən ağır və çətin dönəmlərində belə əkində, biçində, naxırda, çaylaqda hər zaman əlimdə kitab, cibimdə qələm və qeyd vərəqləri olardı. Hansı iş dalınca getmişəmsə o işi yüksək səviyyədə yerinə yetirmək qeyd-şərtsiz olmalı, axşam evə dönüncə, dam-daş rahatlandıqdan sonra isə əlavə tapşırılmış tapşırıqların sorğusu başlayardı. Hansısa bir şairin şeiri əzbərlənməli, oradakı məzmun təhlil edilməli, şeirin bədii təsvirlərinə uyğun inşa yazmalı idim. Yorulduqda, kiçicik etiraz edib başqa işlər görməklə bu tələb edilənlərə vaxt çatdıra bilmirəm dediyimdə: “Yusif, bütün bunları sənin üçün edirəm, zaman gələcək bunun xeyrini görəcəksən. İndi dövlətimiz çətin dönəmdən keçir. Hər şey zamanla ələnib ələkdən keçəcək və bu millət üçün gələcəkdə savadlı, bilikli, milli kimliyini bilən insanlara ehtiyac olacaq.

İndi öyrənməlisən ki, o zaman ehtiyac duyulanda əl yetən yerdə olasan”. Odur ki, orta məktəbdə bütün fənləri eyni bərabərlikdə öyrənməyi tələb edir, əlavə olaraq riyaziyyat, ana dili və tarix fənlərinə ciddi hazırlaşmağımızı tapşırırdı. 

Həyat müəllimim olan atama və orta məktəbdə mənə dərs demiş bütün müəllimlərimə təşəkkür edir, önlərində baş əyirəm. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı arzu edirəm.
1996-cı ildə orta məktəbi bitirəndə Türkiyə universitetlərinə imtahan vermək istədim.

Məlumatsızlıq və qohumlarımın laqeydsizliyindən imtahanın vaxtını bilmədən ötürdüm. Mənə riyaziyyat və fizikadan hazırlıq keçmiş, hər zaman dəyərli olan müəllimim Məmmədhəsən Vəkilovun son anda Qazaxda sənəd qəbulu komissiyasının önündə avtomobilin motorxanasının qapağı üzərindəcə yazdığı kağızı götürüb içəri girdim və o yazdığı ardıcıllıqla da rəsmi blankda qeyd apardım.

Çox şükürlər olsun ki, yüksək hazırlıq görmədən yüksək nəticə göstərə bildim və Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. İlk olaraq çətin görünən, ciddi müəllimlərdən qiymət almağın mümkünsüz olduğunu eşidəndə bir qədər tərəddüd edib pessimist düşüncələrə yuvarlanmaq istəyərkən keçmiş illərdə çəkdiyim ağır günlər gözlərim önünə gəldi və bu fakültəni mütləq ən yüksək şəkildə oxuyan tələbələrdən olacağıma qərar verdim. 2000-ci ildə fizika fakültəsini fərqlənmə diplomu ilə bitirdim. O vaxtkı rektorumuz professor Abel Məhərrəmovun atama göndərdiyi “Valideynə təşəkkür” məktubunu az qala kəndimizdə hamı oxumuşdu. Elə həmin il də mən BDU-nun fizika fakültəsinin magistratura səviyyəsi üzrə “Optoelektronika” ixtisasına daxil oldum. Buranı da 2002-ci ildə fərqlənmə diplomu ilə bitirdim. 

BDU-da mənə dərs demiş bütün müəllimlərimin qarşısında baş əyirəm. Dünyadan köçənlərə rəhmət, qalanlara can sağlığı arzu edirəm. 
2002-ci ildə elmi rəhbərim professor Əhməd Abdinovun məsləhəti, akademik Bəhram Əsgərovun göndərişi, müəllimim Maarif Cəfərovun tövsiyəsi ilə AMEA-nın Fizika İnstitutuna gəldim. Məni 15 noyabr 2002-ci il tarixindən “Quruluş və quruluş çevrilmələri” laboratoriyasına kiçik elmi işçi vəzifəsinə götürdülər. Professor Yusif Əsədovun rəhbərlik etdiyi kimya elmləri namizədi Qəhrəman Hüseynov, f.-r.e.n. Fəridə Məhərrəmovanın çalışdığı bu laboratoriya həyatımda qarşıma çıxan ən gözəl insanların bir yerdə olduğu xoşbəxtlik adası kimi gəldi mənə. Hər üç həyat müəllimimə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm.

Qısa müddət sonra, aspiranturaya qəbul imtahanları verilən ərəfədə - 10 dekabr 2002-ci ildə hərbi xidmətə çağırıldım. BDU-da oxuyarkən hərbi kafedra mövcud idi, orada oğlanlara 2 il hərbi dəsrsləri keçilir və sonunda imtahandan müvəffəqiyyətlə keçənlərə leytenant hərbi rütbəsi verildiyindən məni də zabit qismində hərbi xidmətə çağırdılar. Hərbi xidmətə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya dvizionunda tağım komandiri vəzifəsində başladım. 2004-cü ilin 10 avqust tarixində ordudan tərxis olundum və doğma məkana, Fizika İnstitutuna qayıtdım. 

2004-cü ildə doktoranturaya daxil oldum, 2009-cu ildə professor Yusif Əsədovun və kimyaçı alim Qəhrəman Hüseynovun rəhbərliyi ilə işləyib, yazıb tamamladığım dissertasiya işini müdafiə etdim və 2010-cu ildə AAKın qərarı ilə fizika üzrə fəlsəfəd doktoru elmi dərəcəsi aldım. Elmi-tədqiqat işləri apardığım zaman Fizika İnstitutunda hər zaman sağlam mühitin, maddi, fiziki, mənəvi dəstəyin hökm sürdüyünü gördüm. Burada alimlər sadəliyi ilə seçilir, savadı ilə parlayır, ziyalılıqları ilə öndə idilər. Fizika İnstitutunda mənə hər zaman dəstək olmuş, kiçik xahişdən, böyük istəyə kimi səbrlə yanaşmış hər bir alim, mütəxəssisə təşəkkürümü bildirir, qarşılarında baş əyirəm. Dünyadan köçənlərə Allahdan rəhmət, qalanlara isə can sağlığı arzu edirəm.

Sonrakı əmək faəliyyətim təhsil sahəsində davam etsə də, həmçinin elmi-tədqiqat işləri apardığıma görə doğma Fizika İnstitutunda da çalışırdım. Reytinqli jurnallarda çap olunan elmi məqalələrimlə yanaşı 5 dərs vəsaiti, 4 metodik vəsaitimiz də çap olundu və 2014-cü ildə AAKın qərarı ilə dosent elmi adına layiq görüldüm. 

2018-ci ildə AMEA-nın Fizika İnstitutunun elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul olundum. Professor Yusif Əsədovun elmi məsləhətçiliyi ilə “Ag, Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri” mövzusunda dissertasiya işi üzərində işləməyə başladım. Almaniyada, Rusiyada, Türkiyədə, Ukraynada, Moldovada ezamiyyətlərdə, konfranslarda olduğum zamanlarda dissertasiya işimin məqsədləri ilə bağlı müasir cihaz və qurğularda ölçmələr aparır, alınmış nəticələri WoS və SCOPUS bazalarına daxil olan elmi jurnallarda çap etdirmişik. 

Müasir dövrdə hər bir alimdə olduğu kimi bizim elmi-tədqiqat işlərimizin də uğurlu nəticələrini görmək üçün dünya üzrə qəbul edilmiş elmmetrik bazalardakı statistik məlumatları böyük fəxr hissi ilə söyləyə bilərəm: H - indeksi 14, i10 – indeksi 16, ümumi istinad sayı 440 olan 85 məqalədən 28-i isə SCI siyahısında yer alıb.

29 mart 2022-ci il tarixində AMEA-nın Fizika İnstitutunda faəliyyət göstərən dissertasiya şurasında elmlər doktorluğu dissertasiya işimi müdafiə etdim. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı ilə fizika elm sahəsinin “Kristalloqrafiya, kristallar fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Təbii ki, hər bir uğurun əldə edilməsində böyük zəhmət, yüxusuz gecələr, gərgin çalışmalar durmaqla yanaşı mənəvi, maddi, və fiziki dəstəklər də önəmlidir. Bu yüksək məqama çatmağımda mənə dəstək göstərən, daim yanımda olan, işləmək üçün şərait yaradan rəhbərlərimə, müəllimlərimə, nəhəng alimlərə, həmkarlarıma, dostlarıma, iş yoldaşlarıma və ailəmə təşəkkür və minnətdarlığımı bildiriəm. 

37 il öncə 1-ci sinifdə məndən soruşulmuş “gələcəkdə kim olacaqsan?” sualına hələ də peşə olaraq cavab verə bilmərəm. Amma qürurla söyləyəcəyim bir şey vardır, xalqa, dövlətə xidmətin ünvanı, peşəsi olmadığı üçün daim bir ziyalı olaraq dövlətim üçün layiqli vətəndaş olmağa çalışmışam. Çünki dövlət baba tərbiyəsi bunu tələb edir.

Məşhur Amerika yazıçısı Kristofer Morli gözəl bir fikr söyləyib: Həyatda, sadəcə, bir uğur vardır: öz yolunda addımlaya bilmək...

Yusif Əliyev

ADPU-nun Quba filialının direktoru

Xəbər lenti