Mənim təhsil sistemində keçirilən bütün müsabiqələrə qatılmaqda məqsədim heç vaxt ciddi olmayıb.
Həmişə rayon təhsil şöbələri və İcra Hakimiyyətlərinin bu müsabiqələrin müsahibə mərhələsinə təsirini, məni müsahibə edənlərin məndən təhsil sahəsində savadlı, bacarıqlı və mənəviyyatlı olmadıqlarını açıq bildiyim üçün müsahibələri məzhəkəyə, şouya çevirmişəm. Bir sözlə, məzələnib hoqqa verməklə onları və sonra müsahibə barədə sosial şəbəkədə yazmaqla buradakıları güldürmüşəm. Lakin bütün bu komediyalarda gizli məqsədim bu saxta təyinat mexanizmini ifşa etmək, onun dağılmasına nail olmaq olub. Yaxın ayda keçirilən sonuncudan əvvəlki müsahibəyə də bu məqsədlə qatıldım və bu sonuncu məzhəkə idi.
Son qatıldığım Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) bir neçə gün əvvəl təşkil etdiyi müsahibə idi. Bu müsahibəyə də ciddi olaraq qatılmamışdım. Sadəcə bir sıra səbəblərdən qonşu məktəbdə illərdir, vakant olan təşkilatçı vəzifəsinə gedə biləcəyimi düşünürdüm. Maddi durumumun son vaxtlar pisləşdiyini də nəzərə alıb əməkhaqqımın birdən-birə 300 manat aşağı düşəcəyi faktı isə heç arzuedilən deyildi.
Müsahibənin sonunda xəbərdar oldum ki, müsahibəm standart və formal keçirilməsə də, ciddi formada keçirildi. Əksinə, bir sıra hallarda komissiya üzvləri zarafatlarından qalmadılar.
Müsahibəni aparan Elxan müəllim istisna olmaqla, digər komissiya üzvlərini müsahibə zamanı da yüngülcə təkrar tənqid etməkdən çəkinmədim. Görünən budur ki, sosial mediada komissiya üzvlərini ciddi tənqid etməyimə baxmayaraq onlar mənə dözümlü və səmimi yanaşdılar.
İndi isə məni 1 sual düşündürür: mən doğurdanmı hansısa vəzifəni tutmaq üçün ora getmişdim? Bəlkə LARTİ rəhbərliyi qaranlıq və çirkli keçmişə malik olamdıqları üçün mənim tənqidlərimdən narahat olmayıblar? Bəlkə mən təyinat almaq üçün bəzi hallarda onları şantaj etmişəm? Bəlkə mən təyinat almaq üçün əsasən onları müdafiə etmişəm?
Müsahibədən günlər keçir. Lakin bu suallar hələ də mənə açıq qalıb. Ümumiyyətlə bütün müsahibələrdən sonra üzüm gülsə də, bu dəfə düşünməyə məcbur oldum. Bircə Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki (BŞTİ) müsahibədən sonra nifrətlə ayrılmışdım. Çünki keçmişləri qaranlıq və çirkli insanlarla üz-üzə idim. Bu, başqa cür ola da bilməzdi!
Rabil Abdinov