Logo

Yüyürdüm yüyürük yerinə

18.12.2022 16:02 445 baxış
IMG

İsti yüyürük yeri, xoş xatirələr ünvanı idi 19 nömrəli məktəbim. Bu gün sevgilə addımladım tüstüsü müəllimlərimin nəfəsi olan ocağa. Zahirən dəyişdiyini, yeniləndiyini görüncə, daxilimdə iki sətir doğdu:

Müdam gözəl olsun məktəbim,
Yazım, sizə aydın olsun mətləbim. 

Əlqərəz, beləcə şagird zənnü fikrü gümanının dərsdən başqa həryerdə olduğu məktəb vaxtlarından danışım. 

Onuncu sinifdə oxuyurduq. İlk dərs həftəsi. İlk dərs günü. Sinif otağımız da birinci mərtəbədə, Sabir dayının köşkü istiqamətində – yolun sağ tərəfində yerləşirdi. Sol tərəfdə də neçə on illərə şahidlik etmiş köklü Şam ağacları... 

Həmişə olduğu kimi Bəkir İsgəndərov vaxtından qabaq sinif qapısının önündə dayanmışdı. Olduqca tələbkar və məsuliyyətli müəllim kimi tanınırdı. Üstəlik də dostcanlı idi.

Həmin gün "İqtisadiyyatın əsasları" fənnini tədris edirdi. Nəyi unutsaq da, müəllimimizin zəhminin ağırlığını, duruşunun məğrurluğunu, baxışının itiliyini unuda bilmərik. Boyu qədər şəxsiyyəti də uca idi. Eləbir şagird tapılmazdır ki, Bəkir müəllimin dərsini oxumamış olsun. Dərsə laqeyd yanaşan şagirdə gözünü qırpmadan elə zənlə baxardı ki, sanki adamın içində Moskvadakı ən böyük "King Bell" zəngi çalınardı. 

Dərs yenicə başlamışdı. Anidən Bəkir müəllim sinif lövhəsi tərəfə addımladı. Lövhə olan pəncərə tərəfdə iri bir ərik ağacı vardı. Onun da altında hardasa ortayaşlı 5-6 nəfər "söhbət" edir, bayağı ifadələrlə bir-birinin şəninə gədə tərifi yağdırırdı:

– Qardaş, anamcanı mən çoxdan burdayam.

– Ala, anamcanı demə, mən gələndə sən yox idin! 

– Brat, boşyerə anamın canı demirəm ha, kişinin ağzından söz çıxar – demişdir ki, Bəkir İsgəndərov məktəbimizin təsərrüfat müdiri Vaqif müəllimin yarım saata bir neçə "yüzlük" mismarla bərkitdiyi sinif pəncərəsini yarım saniyəyə əsəbi halda açıb: "Nə kişi, kişi salmısınız əəə, kişi də iki dəqiqədən bir anasının canına and içər?! Bəyəm sizin nəslinizdə bir kişi yoxdur ki, Siz ananızın canına and içirsiniz?!" – desə də, ancaq hiss olundu ki, müəllim də öz fikirlərini əsəbindən tamamlaya bilmədi. Pəncərəni örtüb onlar olan istiqamətə yön almışdır ki, bayaqdan it kimi hürən həmən o 5-6 nəfər küçük zingiltili səsləriylə "bağışlayın müəllim" – deyib o saat, o an dabanlarına tüpürüb "sözləri" ilə birlikdə ilim-ilim itdilər, sözün hər iki mənasında "itdilər"...

Əsgər İsmayılov

Xəbər lenti