Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor Elmar Qasımov, Mərkəzin direktor müavini Ceyhun Nəzərli və Elmi məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
Tehsil.biz xəbər verir ki, universitetin rektoru Elbrus İsayev ilə Mərkəzin nümayəndələri arasında ali təhsil müəssisəsinin tədris sistemi, inkişaf potensialı və tibb sahəsində nəzərdə tutulan perspektivlər barədə fikir mübadiləsi aparılıb. Ölkədə tibbi kadrların hazırlığı çərçivəsində universitetlərdə yaranan çətinliklər, xarici təcrübədən əldə olunan nəticələr və gənc həkimlərin yetişdirilməsində peşəkar həkimlərin bilik və bacarıqlarının mübadilə prosesinə cəlb olunmasının vacibliyi məsələləri müzakirə edilib.
Rektor E.İsayev bildirib ki, digər ixtisaslardan fərqli olaraq, tibb fakültəsində təhsil alan tələbələr peşəkar mütəxəssis olmaq üçün daha səylə çalışmalı, oxumağa daha artıq vaxt sərf etməli olduqlarının fərqindədirlər:”Biz mütəmadi olaraq, bu tələbələrlə görüşür, onları dinləyir və mümkün olan hər vəsaitlə təmin etməyə çalışırıq. Hazırda universitet bir çox xarici universitetlərlə beynəlxalq müqavilələr çərçivəsində əməkdaşlıq edir. Beynəlxalq təcrübədən əldə etdiyimiz metodlardan biri də açıq imtahan modelidir. Bu model digər ixtisaslarla yanaşı, yaxın gələcəkdə tibb fakültəsinin tələbələri üçün də nəzərdə tutulub”.
Mərkəzin direktoru Elmar Qasımov isə diqqətə çatdırıb ki, rəhbərlik etdiyi tibbi qurum lazımi avadanlıqlarla təchiz olunub və bu avadanlıqlar peşəkar həkimlərin ixtiyarındadır:”Biz bu imkanların gənc kadrların yetişdirilməsi məqsədilə istifadəsinə və bu kadrların ölkənin səhiyyə sisteminə qazandırılmasına çalışırıq”.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumda tərəfdaşlarla tibb sahəsində mövcud olan təcrübələrin öyrənilməsi, yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması, seminarların, kurs və təlimlərin, elmi konfransların təşkili və digər məsələlər nəzərdə tutulub.