Bu danılmaz bir faktdır ki, Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycanda, Rusiyada, hətta bütün Avropada bir milyonçu kimi yalnız milyonları sayəsində tanınmamışdır.
Başqa milyonçulardan fərqli olaraq, H.Z.Tağıyev insani keyfiyyətləri, şəxsi ləyaqəti, insanpərvərliyi, maarifpərvərliyi, xüsusən də vətənpərvərliyi (yeganə milyonçudur ki, 1920-ci il aprel işğalında vətəni bir saat belə tək edib heç yerə qaçmadı), xalqa əl tutması ilə tanınmış və sevilmişdir. Savadsız olmasına baxmayaraq varlandıqca onun daxili və mənəvi keyfiyyətləri daha da zənginləşib. Bu haqda “Baku” qəzeti 18 mart 1912-ci il tarixli sayında yazırdı: “Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir. Müsəlmanlar arasında Tağıyevdən də xeyli varlı olanlar vardır. Lakin onlar deyil, məhz Tağıyev Qafqaz müsəlmanlarının mərkəz dayağı olmuşdur”.
Amma bu dayağı sevməyənlər, ona hər an qarayaxanlar da var idi. 20-ci yüzilliyin əvvəllərində Bakıda çap olunan bütün rusdilli qəzetlər müsəlmanlara, xüsusən də H.Z.Tağıyevə qarşı həmişə birmənalı münasibətdə olub. Məsələn, “Russiya utro” qəzeti 10 mart 1912-ci ildə “Şimdinin milyoneri, keçmişin hambalı” sərlövhəli məqalədə H.Z.Tağıyevin keçmiş günlərini xatırladaraq sanki onu istehza hədəfinə çevirməklə bütün müsəlmanları ələ salır, təhqir edirdi. Məqalə haqlı olaraq milyonlarla müsəlman ziyalılarının qəzəbinə, etirazına səbəb olur və görkəmli qələm sahiblərimizin əksəriyyəti buna etiraz olaraq dövrü mətbuatda öz etirazlarını bildirirlər. Bu məqalələrin arasında dövrün tanınmış publisisti, jurnalisti S.E.İbrahimovun fikirləri kəskinliyi ilə daha çox diqqəti cəlb edir (Bax: “İqbal” qəzeti 13, 28 mart 1912). Müəllif yazırdı: “...Neyçün iyirmi milyon müsəlmanlara bir milyonçu çox görünüyör? Məlum ya... Bunlar burada yalnız bir sıra hammal, bir sürü səfil və sərsəri görmək istiyor. Şimdi Tağıyev kimi milyonerlərə qarşı bir paxıllıq var bunlarda”.
Burada bir faktı qeyd edək ki, dövrün rusdilli mətbu orqanlarında Tağıyevin şəxsiyyətini təhqir edən belə məqalələr çoxdur. Amma bu qəzetlər Tağıyevin keçmişini xatırladaraq onu ələ salmaqda çox böyük səhvə yol verirdilər. Çünki Tağıyev digər milyonçulardan fərqli olaraq, bu milyonlara öz halal zəhməti sayəsində sahib olmuşdur. 10 yaşından bənna yanında palçıq daşıyan Zeynalabdin, 15 yaşında artıq bənnalıq edərək illər sonra öz halal zəhmətinin hesabına milyonçu Tağıyev olub.
Əxlaq və mənəviyyat baxımından da digər milyonçulardan çox-çox yüksəkdə dayanan Tağıyevin ikinci dəfə evlənməsi niyə ona qarşı mənfi fikirlər yaratmışdı? Axı Hacı ömür-gün yoldaşı Zeynəb xanım dünyasını dəyişəndən bir neçə il sonra evlənmişdi. Bəlkə özündən 57 yaş kiçik bir qızla evlənməsi buna səbəb olmuşdur?
Arxiv sənədlərindən və onun haqqında yazılan tədqiqat əsərlərindən bəlli olur ki, H.Z.Tağıyev iki dəfə ailə qurub və taleyində də yalnız bu iki xanım olub. Birinci arvadı Hacının öz əmisi qızı Zeynəb olub. Zeynəb təhsil görməsə də çox mədəni, ailəsinə, övladlarına qarşı mehriban, qayğıkeş, ailəcanlı bir xanım olub. Zeynəb xanımdan Hacının iki oğlu, İsmayıl, Sadıq və bir qızı Xanım olub. Tədqiqatçıların yazdığına görə, Hacı Zeynəb xanımla cəmi on il ömür sürüb. Zeynəb xəstələnib dünyasını dəyişib. Aradan bir neçə il keçəndən sonra Hacı Dərbəndli Sona xanımla evlənib. Kim idi Sona xanım?
...Balakişi Ərəblinski əslən Zaqatalanın Tala kəndinin Ərəblər məhəlləsindən idi. Rusiyada təhsil alan Balakişi 50 il çar ordusunda xidmət edib, general-leytenant rütbəsinə kimi ucalıb. Rus ordusunun bütün yürüş və döyüşlərində igidliyi və cəsarəti ilə ad çıxaran general 1898-ci ildə istehfaya çıxaraq Dərbənddə məskunlaşmış və imperator tərəfindən ona hədiyyə edilən torpaqlarda ömrünün axırına kimi yaşamışdı.
Taleh elə gətirmişdi ki, generalın hər iki qızı Hacının ailəsinə gəlin köçmüşdü. Böyük qızı Hurcahan Hacının böyük oğlu İsmayılla (bəzi mənbələrdə Sadıqla evləndiyi qeyd edilir. Amma Hacının böyük oğlu İsmayıl olub) son beşiyi Sona isə Hacının özü ilə ailə qurub. Nurcahan bu ailədə xoşbəxtliyini tapmamışdır. Belə ki, Hacı onun kiçik bacısı Sona ilə evlənərkən İsmayıl bu izdivaca narazı olduğu üçün Nurcahanı boşamış və başqa şəhərə köçmüşdür.
H.Z.Tağıyevlə Sona xanımın toyu 1896-cı il 28 iyunda Dərbənddə olub. Bu zaman Tağıyevin 73, Sona xanımın isə 16 yaşı var idi. Bu izdivacdan onların üç qızı, Leyla, Sara, Sürəyya və iki oğlu, Məhəmməd və İlyas olmuşdur. Sona xanım rus dilində təhsil almış, yeniliyi, maarifi, mədəniyyəti çox sevən gənc və çox gözəl bir xanım olub. Tağıyevlə ailə qurduqdan sonra Bakıda bir çox xeyriyyə işləri onun adı ilə bağlıdır. Qız məktəbinin, qadın xeyriyyə cəmiyyətinin açılması, Hənifə xanımın qız məktəbinə müdirə təyin edilməsi birbaşa onun istəyi nəticəsində olan işlərdəndir.
Lakin Hacının gözəl, cavan, ağıllı, xeyirxah xanımına biganə qalmayanlarda olub. 1906-cı ildə Dərbənddə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri tamaşaya qoyulur. Tamaşa qutardıqdan sonra səhnəyə bir yeniyetmə xanım qalxır və əlindəki gül dəstəsini Hüseyn Ərəbliniskiyə təqdim edərək: “Bu güllər solsa da, ləçəkləri məndən sizə yadigar qalsın” –deyir.
Bu haqda Cəfər Cəfərovun “Azərbaycan Dram Teatrı Tarixi” adlı kitabından oxuyuruq: “... Gül verən qız biz yola düşən günü də gəlib bizi ötürdü. Vaqonda Hüseyn dedi ki: “O qadın heç mənim yadımdan çıxmayır. Onun soyadı Ərəblinskayadır, bu gündən mənimdə təxəllüsüm “Ərəblinski” oldu”.
İllər sonra Sona xanımın yaxın qohumu Həmzəlov xatirələrində yazırdı ki: “Sonanı həm də məşhur aktyor Hüseyn Ərəblinski dəlicəsinə sevirdi. Elə Ərəblinski soyadını da Sonaya olan sevgisinə görə götürmüş və ömrünün sonuna kimi bu soyadı daşıyıb”.
Təbii ki, bu söz-söhbət Hacının da qulağına çatır. Və 1919-cu ildə Hüseyn Ərəblinski öldürülür. Bu ölümdə şübhəlilərdən biri də H.Z.Tağıyev olur.
H.Z.Tağıyevin pulu ilə ali təhsil alıb Bakıya qayıdan gənclərdən biri də Lütfəli bəy Behbudov olub. Hətta təhsilini başa vurub gələndən sonra Hacı onu öz yanında işlə də təmin edib. Uzun illər Hacının mühəndisi kimi çalışıb. Görkəmli yazıçımız Qılman İlkinin yazdığına görə bir gün Hacı Lütfəli bəyin Sona xanıma olan münasibətindən şübhələnir və Lütfəli bəyi yaxşı cəzalandırır. Aradan bir müddət keçəndən sonra Tağıyevin düşmənləri (onların arasında erməni varlıları da var idi) Lütfəli bəyi qızışdırılar ki, Hacını məhkəməyə versin. Uzun sürən məhkəmə Tağıyevə iki il yarım həbs cəzası versə də, sonda imperator Hacının günahını bağışlayır və Hacı həbs edilmir.
1920-ci ildə bolşeviklər silah gücünə Azərbaycanı işğal edirlər. Əksər milyonçular həbs və sürgündən qurtulmaq üçün gizli yollarla Vətəni tərk edərək üz tuturlar xarici ölkələrə. H.Z.Tağıyev isə heç yerə getmir. “Mən bu millət üçün nə pislik etmişəm ki, qaçım. Mən öz vətənimi buraxa bilmərəm”-deyərək ömrünün sonuna kimi qalır Bakıda. Deyilənlərə görə, H.Z.Tağıyev nə qədər təkid etsə də Sona xanım onu tərk edib heç yerə getmir. 1924-cü ildə sentyabrın 1-də H.Z.Tağıyev dünyasını dəyişir. Sona xanımın bundan sonra ən çətin günləri başlayır. Heç yerdə işə götürülməyən Sona xanım qızı Sara ilə tamamilə köməksiz və kimsəsiz qaldığı üçün dilənməyə başlayır. 1932-ci ilin (bəzi tədqiqatlarda 1938-ci il göstərilir) soyuqlu bir qış günündə, küçədə Sona xanımın əlində bir parça çörək meyidi tapılır.
Bir general qızı, milyonçu xanımı dilənçi taleyi də yaşayır. Görünür bu dünyada kimliyindən asılı olmayaraq heç kim TANRI qismətindən qurtula bilmir!
Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru