Gənclər və idman naziri Fərid Qayıbov Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən Universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsini gənclər təşkil edir. Bu siyasətin həyata keçirilməsində və Azərbaycan gənclərinin formalaşmasında Gənclər və İdman Nazirliyi mühüm rol oynayır.
Əliş Ağamirzəyev diqqətə çatdırıb ki, BDU-da 25 minə yaxın tələbə təhsil alır. Universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” təşkilatı, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Nəzarət Qrupu kimi gənclər təşkilatları fəaliyyət göstərir. BDU tələbələri Universitetin və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terrora qarşı Şuşa-Laçın yolunda davam edən aksiyaya BDU-nun 300-dən artıq tələbəsi qatılıb.
Nazir Fərid Qayıbov ölkənin ən böyük ali təhsil ocağı olan BDU-nun tələbələri ilə görüşün çox vacib olduğunu qeyd edib. Görüşdə əsas məqsəd tələbələrin arzu, təklif və çətinliklərini dinləməkdir. Nazir bildirib ki, əhalinin 25 faizini gənclər təşkil edir, onların böyük əksəriyyəti tələbələrdir, ölkədə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Bu baxımdan ali məktəblərdə tələbələrlə görüşlər böyük əhəmiyyət daşıyır. Fərid Qayıbov tələbələri daha da aktiv olmağa, öz təklif və istəklərini bölüşməyə, yaxşı təhsil almağa səsləyib.
Daha sonra nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb. Görüşdə BDU-nun müxtəlif fakültələrindən 700-dək tələbə iştirak edib.