Logo

Sovet adamlarından qorxan Sara xanım

20.12.2022 19:03 886 baxış
IMG

“Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var ki, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təhciz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər”. Bu sözləri milyonlarını Azərbaycan maarifinə sərf etməkdən usanmayan mesanat H.Z.Tağıyev 4 may 1896-cı ildə M.Şahtaxtlıya ünvanladığı məktubda söyləmişdir. O Tağıyev ki təkcə Bakıda açdığı ilk müsəlman qız məktəbinin fəaliyyəti üçün 325 min manat xərcləmişdir. Belə min-milyon manatlarını can-başla xalqı yolunda sərf edən H.Z.Tağıyevin qızı Sara xanım isə Sovetlər Azərbaycanında acından öldü.         

Hörmətli oxucum! Bir neçə nömrə bundan əvvəl Sizə mədəniyyətimizin, maarifimizin, mətbuatımızın inkişafında ölçüyəgəlməz dərəcədə əməyi olan H.Z.Tağıyevin ömür gün yoldaşı (ikinci) Sona xanım Tağıyeva haqqında məlumat vermişdik. İndi isə onların qızı Sara xanım haqqında oxuduqlarımı, gördüklərimi və eşitdiklərimi Sizinlə bölüşmək istərdim.

Sara xanım haqqında yazarkən yadıma tələbəlik illərim düşdü. 1985-ci ilin soyuqlu-çisginli payız günləri idi. BDU-nun Jurnalistika fakültəsinin II kursunda oxuyurdum. O zaman Şəqrşünaslıq və Jurnalistika fakültələri M.Füzuli adına Əlyazmalar İnstitutunun arxasındakı binada yerləşirdi. Şərqşünaslığın binasında ikinci mərtəbədə bir kitabxana da var idi. Adətən dərsdən sonra bu kitabxanada növbəti seminarlara hazırlaşmaq üçün saatlarla burada olurdum. Kitabxanaçı qadın Kiçikxanım çox mehriban, söhbətcil bir qadın idi. Bir neçə dəfə onun yanında qoca, saçları üz-gözünə dağılmış, nimdaş paltarda bir qadın gördüm. Amma qadının savadlı və məntiqli danışığı istər-istəməz diqqətimi cəlb etdi. Onun kimliyi ilə maraqlananda məni dəhşət bürüdü. Bu qadın H.Z.Tağıyevin qızı Sara xanım idi. O Tağıyevin ki Bakı milyonçuları içərisində yeganə şəxsiyyət olub ki, milyonlarını çəkinmədən xalqının maariflənməsi, xoş günü üçün sərf edib. Yalnız Azərbaycanın deyil, Rusiyanın çoxmilyonlu müsəlman əhalisindən də köməkliyini əsirgəməyib. Başqalarını deyə bilmərəm, amma mən belə bir kişinin qızını bu vəziyyətdə görəndə xəcalət hissi çəkdim. Çünki onu küçədə dilənçi bilmişdim. Bu dəfə isə onu kitabxanada gördükdə içimdən onunla danışmaq, təmasda olmaq arzusu keçdi. Və bir gün kitabxanaçı Kiçikxanımın köməkliyi ilə Sara xanımla üç-beş dəqiqə söhbət etdim. Hiss etdim ki, söhbətimiz onun ürəyincə deyil, o, insanlardan qaçırdı, qorxurdu. Yalnız çox yaxından tanıdığı insanlarla təmasda olmağı xoşlayırdı. 

Buna görə heç onu qınamadım da. Çünki insanlara inanmamağa, onlardan qaçmağa onun haqqı var idi. Nələr görməmişdi bu Sovet adamlarından. Evindən-eşiyindən, işindən-gücündən elədikləri az deyilmiş kimi, hələ 1970-ci ildə ona bir “ruhi xəstə” adını da qoşmuşdular. 1970-ci ildə Səhiyyə Nazirliyi bu adı rəsmiləşdirməyi qərara alır və “baş bilən” psixiatrlardan bir neçəsinin imzası ilə Sara xanıma “ruhi xəstə” diaqnozu qoyulur. Bundan sonra xüsusi bir dəstə onu Maştağadakı ruhi xəstəxanaya aparır. (Bu dəhşətli amansızlıqlardan, böhtanlardan sonra Sara xanım doğrudan da ruhi xəstə olmamışdısa, deməli çox iradəli və səbirli qadın imiş). Burada dahi Mircə Cəlilin “Dəlilər” əsəri yadıma düşdü. Allah sənə qəni-qəni rəhmət eləsin, Mirzə. Çox-çox təəssüf ki, “Dəli”lərlə “ağıllı”ların yeri dəyişik düşdüyü cəmiyyətdə “ağıllılar” dəliləri müalicə etmək üçün həkim çağırırdı...

Universiteti qutardım. “Ədalət” qəzetində müxbir işləyirdim. Yenidən Sara xanımın axtarışına çıxdım və çox çətinliklə onu tapdım. Şahbazi küçəsi 102. Sara xanım ömrünün son illərini bu ünvanda yerləşən binanın birinci mərtəbəsindəki bir otaqlı “ev”də keçirdi. Bu evdə bir neçə dəfə tədqiqatçı alim, yazıçı Teyyub Qurbanı, Xalq Təhsil Muzeyinin əməkdaşı Aliyə Abbasovanı, Azərbaycan EA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Şövkət Fazilovanı görmüşdüm. Hətta Şövkət xanım Sara xanımı bir neçə ay öz evində aparıb saxlamış, qulluğunda durmuşdu. İnstitutun direktoru tədqiqatçı alim Əziz Mirəhmədov mütəmadi olaraq Sara xanıma maddi köməklik edirmiş. Sara xanımla evində də ilk söhbətimiz çox qısa oldu. Amma növbəti gəlişlərimdə onun sevgisini qazana bildiyim üçün söhbətimiz baş tuturdu. Artıq Sara xanım çox qocalmışdı, taqətdən düşmüşdü, çətin eşidirdi, gözləri görmürdü. 

Sara xanımla sonuncu görüşümüz 1991-ci il oktyabrın əvvəllərində oldu. (Dekabrın 24-də Sara xanım 92 yaşında bu amansız dünyadan köç etdi. Uzun illər haqsızlıqların girdabında çabalayan, məngənəsində sıxılan qadın canını qurtararaq haqsız dünyadan haqq dünyasına qovuşdu) Yenə də əvvəlki söhbətlərimizdə olduğu kimi Sara xanımın həssaslığına, dəqiqliyinə, zəkasına heyran qalırdım. Geniş mütaliə dairəsi olan Sara xanım istənilən mövzuda həmsöhbəti ilə mübahisəyə girişməyi bacarırdı. Fəlsəfəni gözəl bilirdi. Bir neçə dildə təmiz danışan Sara xanım dünya filosofları haqqında çox maraqla danışırdı. Hətta 1964-cü ildə “Mənim fəlsəfi biliklər sistemim” adlı əsərini yazıb tamamlamışdı. Birdəki Sara xanım ərköyün, kütbeyin, yüngül həyat tərzi keçirən milyonçu qızlarından olmamışdı. İlk təhsilini atasının qız məktəbində alan Sara sonra ali təhsil əldə etmək üçün Sankt-Peterburqa gedir və Peterburq Zadəgan Qızlar Seminariyasına daxil olur. Universiteti əla qiymətlərlə oxuyan Sara burada rus dili ilə yanaşı, bir neçə xarici dili mükəmməl öyrənir.

1920-ci ilin qara aprel günləri Saranın xoşbəxt taleyini birdəfəlik olaraq darmadağın edir. Vətəni tərk etməyən ata-anası onu nə qədər vadar etsə də Sara onları tək qoyub heç yerə üz tutmur. 1924-cü il də H.Z.Tağıyev rəhmətə gedir. Ailəsinə qarşı təqiblər başlayır. Bolşevik S.M.Kirovun qətlində suçlandırılan Saranı Peterburq həbsxanasına atırlar. Əri Zeynal bəyi isə güllələyirlər. Həbsdən azad olduqdan sonra Leninqrada tələbə yoldaşlarının köməkliyi ilə mərkəzdən çox uzaq kitabxanalardan birinə işə düzəlir. Lakin biləndə ki, kimin qızıdır onu işdən qovurlar. Bu dəfə Sara Sankt-Peterburq (Leninqrad) zavodlarından birində tokar köməkçisi kimi fəhləliyə başlayır. Bir neçə il sonra Sara xanım Leninqradda bir tatarla ailə qurur. İki övladları dünyaya gəlir. 1942-ci ildə əri dünyasını dəyişir. Yenidən Saranı zavoddan çıxarırlar. Övladlarını da götürüb üz tutur vətəninə. Lakin Bakıda tale yenə də Saranın üzünə gülmür. Əvvəl Sarayeva familiyası ilə işə düzəlsə də sonra kimliyini bildikdə onu işdən çıxarırlar. Evsiz, işsiz qalan Sara xanım məcbur olub övladlarını uşaq evinə təhvil verir.  

Tədqiqatçı alim Qulam Məmmədlinin və yazıçı Qılman İlkinin söylədiyinə görə, o zaman məsul vəzifədə işləyən yazıçı Süleyman Rəhimov çox böyük risqə gedərək Sara xanımın Maarif Nazirliyinə təlimatçı düzəlməsinə kömək edir. 1956-cı ilə kimi burada işləyən Sara xanımı rus dilini yaxşı bildiyi üçün məcbur qalaraq Rus Dili və Ədəbiyyatı İnstituna işə götürürlər. Burada işləyən Sara xanım Azərbaycanda maarifin, təhsilin inkişafında H.Z.Tağıyevin rolu haqqında dissertasiya yazmaq fikrini rəhbərliyə bildirdikdə İnstitut rəhbərliyi onu işdən azad edir və hökumət Sara xanımı çox güclü nəzarətə götürür. Çox təəssüflər ki, 1956-cı ilin sonlarında heç bir təqsiri olmadan işdən azad edilən Sara xanım ömrünün sonuna kimi (1991) heç yerdə işə götürülmür. Nə az, nə çox düz otuz beş il işsiz qalan Sara xanım “ruhi xəstə” adı ilə  qapılardan qovulur. Qəribədir, Sara xanım Sovet hökumətindən nə iş istəyirdi, nə ev. Yalnız bir istəyi var idi; atasına qarşı olan bu haqsızlığa son qoymaq. Nənəmin sözü olmasın “gedədən-güdədən düzələn hökumət” Hacı kimi kişinin qədrini bilməyə qadir idimi?  

Bir gün Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Onu muzeyə buraxmırlar. Çox təkid etsə də rəhbərlik onun muzeyə girməsinə mane olur. Səbəb isə Sara xanımın “ruhi xəstə” olduğu bildirilir. 1990-cı illərdə onunla söhbət edərkən bu hadisəni çox böyük təəssüflə xatırladı: “Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir neçə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa o xoş günlərimi, atal-analı anlarımı “yaşayım”. Buna da Püstə xanım icazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub) Onun babası Məşədini mənim atam xaricdə oxudub, sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox gidi dünyadır...” Sara xanım sözlərinin arxasını gətirə bilmədi. Qəhər onu boğdu... Çuxura düşmüş gözlərindən iki damla yaş arıq və solğun yanaqları ilə aşağı süzüldü... 

Görəsən Sara xanım beş-on dəqiqə o muzeyin soyuq daş pillələrində oturub xoş günlərini xatırlasaydı, nə olardı ki, muzeydə möcüzəmi baş verərdi??? Doğrudan da, insan olmaq, onu duymaq, qiymətləndirmək çox çətindir! Amma onu da qeyd edim ki, Sara xanım dünyasını dəyişəndən sonra onu son mənzilə bu muzeydən, ata evindən – qəbr evinə yola salaraq, Mərdəkan da H.Z.Tağıyevin məzarə yanında dəfn edirlər. O dəfndə mən də iştirak edirdim. Birdən yadıma Sara xanımın söylədikləri düşdü. Görəsən Püstə xanım bilirmi ki, Sara xanımı son mənzilə buradan-ata evindən yola saldılar. Axı o, bir zaman bu evin daş pillələri üzərində oturmaq üçün saatlarla göz yaşı tökmüş, yalvar-yaxar etmişdi...    

Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti