Gəncə Şəhər İcra Hakimiyyəti və ki Gəncə şəhər Nizami bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində “İntihar – çıxış yolu deyil!” adlı maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, ADAU-nun prorektoru Aidə Qasımova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun, həmçinin Nizami bələdiyyəsinin Gender Əsaslı Komissiyasının üzvləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə Uşaq Evinin, Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndələri və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “İntihar, onun səbəbləri və nəticələri”, “Stress, stressin səbəbi və ondan çıxış yolları”, “Problem həll etmə üsulları”, və digər mövzular ətrafında gənclərlə söhbətlər aparılıb.
Qeyd olunub ki, bu gün intihar cəmiyyətin əsas problemlərindən birinə çevrilir. İntiharın təməli düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyən zaman qoyulur. Onun mərkəzində, əsasən, fərdi psixoloji problemlər dayanır. Bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir.
Vurğulanıb ki, yeniyetmə və gənclər arasında bu cür maarifləndirici tədbirlərin təşkili xüsusi önəm daşıyır. Tədbirdə “Uşaq və yeniyetmələrə yönəlmiş zorakılığın növləri və həlli yolları” mövzusu ətrafında da söhbət aparılıb.
Qeyd edək ki, tədbir gənclərə problem həll etmə bacarıqlarının aşılanması və onlarda sağlam düşüncə tərzinin formalaşdırılması məqsədi ilə təşkil olunub.
Tədbirin təşkilində göstərdiyi dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinə Nizami bələdiyyəsi tərəfindən “Təşəkkürnamə” təqdim olunub.