Dekabrın 20-də axşam saatlarında Xəzər rayonu ərazisində baş vermiş ağır yol qəzasında vəfat edən yeniyetmə qızlar 262 saylı orta məktəbin şagirdləri olub.
Tehsil.biz xəbər verir ki, bu barədə məktəbin direktoru Kəmalə Babayeva feysbuk hesabında yazıb.
O, məktəb kollektivinin hadisədən çox sarsıldığını qeyd edib:
“Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Türkan-Qala yolunda baş vermiş ağır yol qəzası nəticəsində 262 nömrəli tam orta məktəbin şagirdləri Lütfəlizadə Zalina və bacısı Lütfəlizadə Aminə həyatlarını itiriblər. Baş vermiş hadisə məktəbimizin kollektivini çox sarsıtdı. Zalinaya birinci və axırıncı dərslərdə mənim dərslərim oldu. Mən yola saldım Zalinanı sinifdən... Təsadüfən. Həmişəki kimi aktiv idi dərsdə, hətta lövhədə testləri də işlədi. Amma bircə şey fərqli idi Zalinada bu gün. Həmişə taxdığı və ona çox yaraşan ağ bantını taxmamışdı. Məkanın cənnət olsun, cənnət mələyimiz!".
Qeyd edək ki, sözügedən hadisə “VAZ-2107” ilə “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəza nəticəsində “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan qızlar ölüb. Qızların anası, eləcə də avtomobillərdə olan digər 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.