Logo

Mədəniyyət nazirini kim əvəz edəcək? - SƏRƏNCAM

22.12.2022 12:48 686 baxış
IMG

Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin olunub.

Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. 2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

A.Kərimli 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad olunub.

Xəbər lenti