"Düşmən ölkə minlərlə İKT mütəxəssislərini ölkəsinə yerləşdirdiyi halda bizim ali təhsildən məzun olan İKT mühəndislərimizin əksəriyyyəti elementar proqramlarda belə işləyə bilmirlər".
Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Elşən Qafarov deyib.
Ekspert bildirib ki, məktəblərdə informatika müəllimləri var ki, kompüteri açıb-söndürməkdən başqa əllərindən heç nə gəlmir:
"İKT mühəndisi hazırlayan ali məktəblərimizin İKT avadanlıqları ilə təchizatına baxırsan, adamı ağlamaq tutur. Ölkədə dövlət mülkiyyətində olan məktəblərimizdə oxuyan hər 30 şagirdə bir kompüter norma olaraq müəyyən edilib. Təsəvvür edirsinizmi? Məktəblərə yeni adla verilən kompüterlər 10 ilin mənəvi cəhətdən köhnəlmiş avadanlıqlarıdır. 4-5 ildən sonra kiber təhlükəsizliklə bağlı düşmən ölkə ilə və ya bizi istəməyən digər dövlətlərlə mübarizədə hansı vəziyyətdə olacağımızı təsəvvür edəndə belə adamı üşütmə tutur. Bu gün bu sahəyə məsul olan şəxslər sonda sadəcə.istefa verib gedəcəklər. Bəs bu xalqın, bizlərin aqibəti necə olacaq?"
Mərcanə Əsədova