Logo

Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

23.12.2022 12:16 280 baxış
IMG

Dekabrın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi Bakı Musiqi Akademiyasında ustad tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyəti İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xalq artistləri Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin direktoru Nazim Kazımov, şəhid Rövlan Məmmədovun ailəsi, vətən müharibəsi qaziləri, musiqi məktəblərinin direktorları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra çıxış edənlər sənətkarı yubileyi münasibətilə təbrik edərək, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, məşhur tarzən Azərbaycan musiqi ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardan biridir. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın.

Tədbir konsert proqramı ilə davam edib. Tədbirdə Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagird məzun və müəllimləri çıxış ediblər.

Sonda xalq artisti Ramiz Quliyev çıxış edərək tədbirin keçirilməsinə və göstərilmiş diqqətə görə hər kəsə təşəkkürünü bildirib.

Xəbər lenti