Logo

Zəfər yürüşünün Ali Baş Komandanı - İlham Əliyev

23.12.2022 14:26 537 baxış
IMG

24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Zəfər Yürüşünün Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Azərbaycan xalqına 200 illik böyük bir aradan sonra qalıb xalq sevincini geri qaytaran İlham Əliyevin 61 yaşı tamam olur.

Müasir dövrdə Azərbaycanda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevdir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Müstəqil Azərbaycanın uzaqgörən prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində böyük fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev qısa zaman çərçivəsində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin böyük siyasi qələbəsidir. Cənab prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Biz prezident İlham Əliyevin 2003-2022-ci illər ərzində Azərbaycan prezidenti kimi göstərdiyi yüksək səviyyəli fəaliyyəti nəzərdən keçirərək Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərində səhhətində yaranan problemlərlə bağlı namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyü zaman xalqa səslənərək cənab prezident haqqında dediyi sözlərin heç birində uzaqgörən siyasətçinin yanılmadığını görə bilərik. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqla səslənərək aşağıdakı müraciəti etdi:

“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən bu günə qədər həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Şübhəsizdir ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası yaxın gələcəkdə inkişafda olan ölkələr sırasından çıxaraq inkişaf etmiş ölkələr arasına daxil olacaq. Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi və Zəfər Yürüşündə qalibiyyət əldə etdik. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair beynəlxalq əməkdaşlıq əlaqələri dayanmadan artırılıb. Bir sıra ölkələrlə müqavilələr imzalanıb. Ordunu ən müasir silahlarla təchiz etmək üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik və siyasi səylər göstərilmişdir. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Azərbaycanda müdafiə sənayesi yaradıldıqdan sonra Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.

Azərbaycana Zəfər sevincini yaşadan Zəfər Yürüşünün Ali Baş Komandanı prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıram.

İlham Məmmədov
Milli Məclisin deputatı

Xəbər lenti