İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin “RECONOMY” proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecində xüsusi avadanlıqlarla təmin olunmuş auditoriya istifadəyə verilib.
Tehsil.boz xəbər verir ki, proqram Gürcüstanın Enerji Effektivliyi Mərkəzinin dəstəyi ilə icra edilib.
Auditoriya istilik izolyasiyasında istifadə olunan üzvi və qeyri-üzvi materiallarla, həmçinin bu materialların tətbiqi zamanı istifadə olunan alətlərlə təmin olunub. Tələbələrin istilik izolyasiyası haqqında təəssüratlarının genişləndirilməsi üçün auditoriyadakı materiallar xarici görünüşü, forması, sıxlığı və tətbiq sahəsindən asılı olaraq təsnifatlandırılıb. Bundan əlavə, tələbələrin onlayn təlimləri izləməsi üçün də şərait yaradılıb. Auditoriyada avadanlıqlar vasitəsilə tələbələrə enerji effektivliyinin artırılması, binaların xarici divarlarının izolyasiyası və bu kimi digər mövzularda dərslər və təlimlər keçiriləcək.