Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində Memarlar Günü münasibətilə sərgi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgidə çıxış edən universitetin rektoru Elbrus İsayev muxtar respublikada memarlıq sahəsində yaradılan imkanlardan danışıb.
Rektor bildirib ki, muxtar respublikada tikinti sektorunun yüksək templə inkişaf etməsi, şəhər və kəndlərdə yeni binaların tikintisi, köhnə binaların əsaslı şəkildə təmiri və yenidən qurulması bu sahənin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Rektor gələcəyin memarlarını bu əlamətdar gün münasibətilə təbrik edib, belə sərgilərin keçirilməsinin tələbələrin gələcək perspektivlərinin dəyərləndirilməsində artan rolundan danışıb.
Fərdi sərgisi təşkil olunan Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri, Memarlıq kafedrasının müəllimi Heydər Əhmədov sərginin təşkilinə görə minnətdarlığını bildirib.
Sonda tələbələrə Memarlıq ixtisasına dair kitablar təqdim edilib, sərgiyə baxış olub.
X X X
NDU-da Beynəlxalq Müəllimlər Günü münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1994-cü ildən UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü ümumdünya səviyyəsində qeyd olunur.
Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə verdiyi yüksək qiymətdən, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan danışan rektor bildirib ki, ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Qeyd olunub ki, muxtar respublikada müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Elbrus İsayev onu da vurğulayıb ki, bu gün bizlər üçün ikiqat bayramdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Bu münasibətlə müəllimləri təbrik edən rektor qeyd edib ki, ordumuzun qazandığı zəfər müəllimlərə və bütün Azərbaycan xalqına ən qiymətli hədiyyədir.
Sonra universitetə 628 balla qəbul olmuş I kurs tələbəsi Elnarə Abdullayeva çıxış edib.
Tədbirin sonunda universitetin Tələbə-teatr studiyası vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış edib.