Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrindən təqdim olunan 65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak hüququ qazanıb.
BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, müsabiqəyə maraqlı və innovativ layihələrlə qatılan məktəblərdən 1 məktəb I yerə, 4-ü II yerə, 5-i III yerə, 1-i isə sertifikata layiq görülüb.
Müsabiqədə I yerin sahibi olan Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Nilgün Məmmədli ABŞ-də keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-də keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsindən ibarətdir.
Qeyd edək ki, artıq “Sabahın alimləri” XII Respublika Müsabiqəsinə start verilib. Müsabiqəyə BŞTİ-nin tabeliyindəki məktəblərdən 111 layihə qeydiyyatdan keçib.